Ağsuda Şıxməzid xanəgah kompleksində arxeoloji qazıntılar yeni tarixi faktlar üzə çıxarıb.
Türk dünyasının mühüm dini-mədəni abidəsi kompleks tədqiqat mərhələsindədir.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ağsu şəhərinin şimalında, tarixi Şirvan bölgəsinin ərazisində yerləşən Şıxməzid xanəgah kompleksi üzərində aparılan arxeoloji qazıntılar nəticəsində mühüm elmi nəticələr əldə olunub. Qazıntılar AMEA Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci il üzrə çöl tədqiqat planına uyğun olaraq həyata keçirilir. Tədqiqatlara tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərlik edir.
Qeyd edək ki, kompleks ilk dəfə 2012-ci ildə “Narlı pir qəbiristanlığı”na baxış zamanı aşkar edilərək qeydə alınıb. İlkin mərhələdə 400 kvadratmetrə yaxın sahədə monumental tikinti qalıqları və üzəri saxsı səhənglərlə örtülmüş unikal qəbir kameraları aşkar edilib və bu qeyri-adi qəbirlər arxeoloji baxımdan regionda analoqu olmayan nümunələr sayılır. Abidə haqqında məlumatlara XVI əsr Osmanlı müəllifi Xulvi, XIX əsr Azərbaycan şairi Seyid Əzim Şirvani və 1926-cı ildə rus tədqiqatçısı Cəmil Nasıfinin qeydlərində rast gəlinir.
Professor Qafar Cəbiyev Bizim.Media-nın yerli bürosuna bildirib ki, mayın 15-dən etibarən aparılan tədqiqatlar zamanı kompleksin şərq hissəsində iri ölçülü, yonulmuş mədən daşlarından hörülmüş divar qalıqları aşkar edilib:
“Bu divarlar boyunca altı hücrə-otaq qeydə alınıb və ilkin mərhələdə tədqiq olunub. Hücrələrlə xanəgahın giriş portalı arasında 2,5 metr dərinlikdə daha bir divar aşkarlanıb.Alim bildirdi ki, qalınlığı bir metrdən çox olan bu divarın digər tikililərlə əlaqəsi yoxdur. Bu da kompleksdə tikintinin ən azı iki mərhələdə aparıldığını göstərir.
Qafar Cəbiyevin sözlərinə görə, tikinti zamanı kirəc əsaslı möhkəmləndirici qarışıqlardan istifadə edilib. Ərazidə mədəni təbəqənin azlığı isə burada dini fəaliyyətin fasilələrlə aparıldığını ehtimal etməyə əsas verir. Bundan başqa tapıntılar əsasən az sayda kaşı fraqmentləri, bişmiş kərpic və gündəlik keramika nümunələrindən ibarətdir.Türk dünyasının mühüm xanəgah komplekslərindən biri kimi dəyərləndirilən Şıxməzid xanəgahı üzərində hazırda kompleks və çoxşaxəli tədqiqatlar aparılır.
Professor Qafar Cəbiyevin sözlərinə görə, bu yanaşma təkcə memarlıq və arxeologiya ilə məhdudlaşmır, həm də etnoqrafik, epigrafik və dini-mədəni aspektləri əhatə edir.“Bu kompleksin geniş şəkildə öyrənilməsi həm Azərbaycanın, həm də ümumilikdə türk-islam dünyasının mədəni irsinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan başqa türbədə də mühüm tapıntılar əldə olunub. Kompleksin tərkib hissəsi olan “Narlı pir qəbiristanlığı” ərazisindəki Şıxməzid türbəsində də paralel arxeoloji qazıntılar aparılıb. Qazıntılar zamanı əldə olunan nəticələr türbənin tarixçəsinə və strukturuna dair maraqlı faktları üzə çıxarıb.
Ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin byerli büromuza bildirib ki, türbə XX əsrin 30-cu illərində “Allahsızlar cəmiyyəti” tərəfindən tamamilə dağıdılıb. 1989-cu ildə memar Xanlar Hüseynovun layihəsi əsasında türbənin özülü üzərində yenidənqurma aparılıb.
8 guşəli planla hörülmüş divarlar odadavamlı bişmiş kərpicdən inşa edilib. Türbənin içərisində iki nar ağacı olduğuna görə qəbiristanlıq ‘Narlı pir’ adı ilə tanınır.Türbənin içərisində aparılan qazıntılar zamanı kərpic döşəmə, qiblə istiqamətində qəbir yeri, sərdabənin üzərindəki əhəngdaşı plitələr və onların altında tağlı bişmiş kərpic tikili aşkar edilib. Sərdabənin içərisindən müxtəlif dövrlərə aid kaşı fraqmentləri, saxsı qab hissələri, dəmir mismarlar, nal, mis sikkələr və şüşə qab nümunələri tapılıb. Fariz Xəlilli bildirib ki,türbənin qapısının şərq tərəfdə yerləşdiyi ehtimal olunub və bu istiqamətdə aparılan yoxlama qazıntısı nəticəsində bu versiya təsdiqini tapıb:
“Üzərində pilləkən funksiyası daşıyan blok daş döşəmənin tapılması, həmçinin divar özülünə qədər aparılan qazıntı nəticəsində aşkarlanan tikinti üsulları türbənin planlaşdırılması və funksional strukturu haqqında daha aydın məlumatlar verir.”Mütəxəssislər hesab edirlər ki, Şıxməzid xanəgah kompleksi Azərbaycanın İslam dövrü memarlığı və dini mədəniyyət tarixinin öyrənilməsi baxımından mühüm arxeoloji abidədir. Onun türk-islam dünyası kontekstində əhəmiyyətini nəzərə alaraq, burada aparılan kompleks tədqiqatlar yaxın gələcəkdə geniş beynəlxalq marağa səbəb ola bilər.
Bizim.Media, Aran bürosu