AZ

Milli Qurtuluş Günü təntənələri

Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, Ümummilli lider Heydər Əliyevi dərin minnətdarlıq hissilə xatırlayır, dahi şəxsiyyətin ölməz ruhu qarşısında baş əyir. 32 il əvvəl, 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu.

15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycanın bölgələrində keçirilən bütün tədbirlərdə dahi siyasətçi Heydər Əliyevin xalqımızın istiqlalının qorunması və möhkəmlənməsi, ölkəmizin sürətli inkişafı və tərəqqisi naminə gördüyü titanik işlərdən söz açılmışdır. Qədirbilənliklə qeyd edilmişdir ki, Ulu öndərin müdrik siyasəti hazırda Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Mingəçevir

Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə “15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda konfrans keçirib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mərasimdə geniş məruzə ilə çıxış edərək ötən əsrin sonlarında ölkəmizdə baş verən xaos va anarxiyadan, hakimiyyət çəkişmələrindən, mövcud böhran və təhlükələrin qarşısının alınmasında, Azərbaycanın müstəqilliyinin qorunmasında əvəzsiz xidmətləri olan, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyevin xidmətlərindən söhbət açıb. Qeyd edib ki, Ümummilli liderin başladığı uğurlu siyasi xətti qətiyyət və bacarıqla davam etdirən dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan regionda söz sahibidir, dünya dövlətləri tərəfindən təqdir edilir.

Sonra YAP şəhər təşkilatının sədri sədri Bəxtiyar Mustafayev “Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi”. Qərbi Azərbaycan lemasının Mingəçevir şəhər üzrə nümayəndəliyinin rəhbəri, əməkdar müəllim Mayıl İsmayılov "15 iyun 1993-cü il müasir dövlətçilik tariximizin ən parlaq səhifəsidir" və digər natiqlər məruzələrlə çıxış ediblər.

İmişli

İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində "Heydər Əliyev xalqımızın xilaskarıdır" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Konfransda çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, 15 İyun adi bir tarix deyil, Azərbaycanın müstəqil dövlət kimi varlığının və inkişaf yolunun əsasını qoyan dönüş nöqtəsidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin xaosdan, parçalanmadan xilas olunmasına səbəb olub və sabit, dayanıqlı inkişafın əsası qoyulub.

Digər çıxış edənlər də Milli Qurtuluş Gününün əhəmiyyətindən, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Bildirilib ki, bu müdrik siyasət Azərbaycanın həm daxili sabitliyinin, həm də beynəlxalq nüfuzunun əsas dayağıdır.

Goranboy

Goranboy Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli” ümumrayon tədbirləri çərçivəsində keçirilən bu toplantıda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək deyib ki, Azərbaycanda 1969-cu ildən başlanan yüksəliş ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, istər 1969-1982-ci illərdə, istərsə də 1993-2003-cü illərdə Azərbaycan sözün əsl mənasında inkişafın və tərəqqinin mərkəzinə çevrilmişdi.

Rayon icra hakimiyyətinin başçısı daha sonra çıxışına davam edərək vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ata vəsiyyətinə ləyaqətlə əməl edərək torpaqlarımızın düşməndən azad olunmasına nail olub, ölkəmizin suverenliyini bərqərar edib.

Toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, "Xalq qəzeti"nin bölgə müxbiri. Əməkdar jurnalist Hamlet Qasımov, YAP rayon təşkilatının sədri Samir Qocayev və başqaları çıxış edərək Milli Qurtuluş Gününü xalqımızın həyatında yeni bir dövr kimi səciyyələndiriblər, Ulu öndərin yenidən hakimiyyətə gəlişini vətəndaş müharibəsinin qarşısının alınmasında mühüm rol oynadığını söyləyiblər, xatirələrini danışıblar.

Balakən

15 İyun Milli Qurtuluş Günü Balakəndə də təntənəli şəkildə qeyd edilib. Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunan “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib. Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransı giriş nitqi ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 1993-cü ilin iyun hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ulu öndər Heydər Əliyevin ölkəni siyasi böhrandan xilas etdiyini və sabitlik, inkişaf yoluna çıxardığını bildirib. Qeyd edib ki, müasir müstəqil Azərbaycanın təməlləri məhz həmin dövrdə qoyulub, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Milli Qurtuluş Günü ilə əlaqədar rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm konsert proqramı təşkil olunub.

Göyçay

Göyçayda “15 İyun - Milli Qurtuluş Günü" münasibətilə "Qurtuluşdan Zəfərə” adlı elmi-praktik konfrans keçirilib.

Toplantıda rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək 15 iyun tarixinin Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğulayıb, bu tarixi günün yaranmasının Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Samirə İsmayılova, rayon Gənclər Evinin əməkdaşı Lalə Məmmədova məruzələrlə çıxış ediblər. Sonra YAP sıralarına yeni daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib və rayonun ictimai-siyasi həyatında fərqlənən partiya veteranlarına yubileyləri münasibətilə Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Zaqatala

Milli Qurtuluş Günü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində "Suveren Azərbaycan və Heydər Əliyev" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanovanın məruzəsi dinlənilib. Məruzədə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunub.

Bildirilib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edə bildi. Ulu öndər müasir tariximizə dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daxil oldu. Bu səbəbdən də 15 İyun Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür.

Konfransda Zaqatala rayonlararası mühafizə bölməsinin rəisi Şaiq Məmmədov, rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ruslan Poladov və Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını vurğulayıblar.

İlqar HƏSƏNOV,
Hamlet QASIMOV,
Məsaim ABDULAYEV
XQ

Seçilən
45
50
xalqqazeti.az

10Mənbələr