Azərbaycanın daha iki güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.
Futbolpress.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da mübarizəyə start verilib.
Yarışa 1/4 finaldan qoşulan Ömər Usubov (45 kq) ukraynalı Daniil Lutsikə 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ömər finalın bir addımlığında rusiyalı Umar Rabadanova 5:12 hesabıyla məğlub olub. Usubov sabah bürünc medal uğrunda ermənistanlı Aren Piruzyanla güləşəcək.
Ramal Mirhüseynov (51 kq) yunanıstanlı Mixail Kokologiannisə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Axmed Naibarova 3:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ramal sabah təsəlliverici görüşdə türkiyəli Buğra Kavakla qarşılaşacaq.
Həsən Həsənov (60 kq) makedoniyalı Mariyo Ananiyevə tam üstünlüklə (11:0), ermənistanlı Razmik Voskanyana isə 3:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Həsən yarımfinalda rusiyalı Abdulla Delekovdan güclü olub – 4:0. Həsənov sabah finalda ukraynalı Zorab Aloyevlə güləşəcək.
İsa Yusibov (71 kq) belaruslu Artyom Bolsuna “tuş”la qalib gəlsə də, 1/4 finalda türkiyəli Ömər Gülə uduzub – 4:9.
Səid Paşayev (92 kq) slovakiyalı Patrik Urbanekə tam üstünlüklə (10:0), rumıniyalı Maqor Lorinçə isə 4:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Səid yarımfinalda ukraynalı David Lutskova heç bir şans tanımayıb – 10:0. Paşayev həlledici görüşdə rusiyalı Abdurazak Şabanovla üz-üzə gələcək.