AZ

Bu halımızı bilsə...- FOTOLAR

AFFA-dakıların gözləri aydın.

Özbəkistan millisinin DÇ-2026-ya vəsiqə qazandığı dövrdə dünya bizdən danışır.

Daha doğrusu, Fernando Santuşun rəhbərliyi altında rəzil olan yığmamızın durumundan.

Düz bir il əvvəl yeni AFFA rəhbərliyinin xeyir-duası ilə ölkənin futbol millisinin “sükanı” arxasına gətirilən portuqaliyalı geridə qalan müddətdə 10 oyunun həyəcanını hiss edib. Əgər hiss edibsə.

Əvvəlki illərdə azərbaycanlı futbolsevərlərin ara-sıra qələbələrə sevinmək haqqı var idisə, indi bu imkan da əldən çıxıb. 10 matçdakı statistik göstərici adamı “cin atına” mindirir.

8 məğlubiyyət və cəmi 2 heç-heçə. Azərbaycan yığmasının Estoniya və Latviya ilə keçirdiyi üç qarşılaşmanın heç birində qalib gələ bilməməsi millinin hazırkı durumunu çılpaqlığı ilə ortaya qoyur.

Azərbaycan adlı ölkəni dünyaya güldürənlər bəlkə də hansı siyasi səhvə yol verdiyinin fərqində deyil. Ölkə Prezidenti İlham Əliyev gecə-gündüz Azərbaycanın inkişafı və burada görülməkdə olan məqsədyönlü işlər barədə düşünüb-danışarkən, AFFA-ya rəhbərlik edənlər Santuşa bel bağlamaqla ölkənin anti-reklamına artıqlaması ilə şərait yaradıb.

Aktiv sosial platforma sayılan “Twitter”də Kriştiano Ronaldonun fanat səhifəsi var. İzləyici sayı yarım milyon nəfərə yaxındır. Səhifədə kifayət qədər müzakirə olunan paylaşımlar edilib.

Bilirsiz nə paylaşıblar?

Yazıblar ki, dünya çempionatında Mərakeşlə oyunda Ronaldonu ehtiyat oyunçular skamyasında əyləşdirən Fernando Santuşun rəhbərliyi altında Azərbaycan millisi bir qələbə də qazanmayıb.

15 minə yaxın adam bəyənib, geniş müzakirələrə yol açılıb.

Uzağa getməyək. Qardaş ölkə Türkiyənin ünlü telekanallarından sayılan “TRT Spor”un səhifəsi də eyni məzmunlu paylaşımla diqqət çəkib.

“Fernando Santuşun yönətimində Azərbaycan” sözlərini yazaraq son 10 oyundakı nəticələri göstəriblər.

Uğurlu nəticələr qazanmaq üçün Azərbaycana dəvət olunan qoca potuqal ölkəmizi və futbolumuzu bu şəkildə təmsil edir. Geridə qalan bir ildə milli komandanın oyununda və nəticəsində inkişaf adına zərrə qədər də irəliləyiş görünmür.

Camaat ünlülərə pul verib hansısa adı reklam etdirir, AFFA-dakı əsas söz sahibləri isə büdcədən maliyyə ayırıb şanlı Azərbaycan markasını gözdən salmaqla məşğuldur.

HƏBİB

Seçilən
38
sportinfo.az

1Mənbələr