AZ

Şəmkirdə iki nəfərin su anbarında boğulmasının təfərrüatları məlum olub

Şəmkir rayonunda iki gəncin Şəmkirçay su anbarında boğularaq ölməsi ilə bağlı yeni detallar üzə çıxıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə iyunun 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri - 2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin əraziyə istirahət məqsədilə yollanıblar.

Məlumata görə, istirahət zamanı onlar spirtli içki qəbul ediblər. Daha sonra Aliyə Həsənova sərxoş vəziyyətdə suya girib. Gənc qızın çətin vəziyyətdə olduğunu görən Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğularaq həyatını itirib.

Hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Axtarış tədbirləri nəticəsində Ümid İbrahimovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda Aliyə Həsənovanın meyitinin axtarışı intensiv şəkildə davam etdirilir.

Qeyd edək ki, 21 yaşlı Ümid İbrahimov ailədə üç uşaqdan biri olub. Mərhumların münasibətdə olduqları bildirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
26
3
apa.az

4Mənbələr