AZ

Aqil Məmmədov: İsrail İran qarşıdurmasından ən çox zərər görən Naxçıvan olacaq

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"İsrail-İran arasında gərginliyin açıq hava duelinə keçməsi təkçə Yaxın Şərqdə deyil, eyni zamanda Qafqaz regionu üçün də iqtisadi və təhlükəsizlik riskləri formalaşdırmaqdadır. Regionda situasiyanın gərginləşməsi İran üzərindən keçən yolları malların və insanların daşınması üçün təhlükəli edir".

Bunu Oxu.Az-a açıqlamasında politoloq Aqil Məmmədov bildirib.

O deyib ki, gərginliyin uzun müddət davam etməsi Azərbaycanı iqtisadi, humanitar və təhlükəsizlik riskləri ilə üz-üzə qoyur.

"Prosesdən ən çox zərər görən isə Naxçıvan Muxtar Respublikası olacaq. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqəsinin olmaması bu bölgə ilə logistikanı yalnız ikinci ölkənin ərazisi ilə qurmağa imkan verir. Bakıdan Naxçıvana və əks istiqamətə əsas yüklərin daşınması İran üzərindən keçən marşrutla həyata keçirilir. Beləliklə regionda vəziyyətin gərginləşməsi Zəngəzur dəhlizinin açılmasını yalnız logistik deyil, milli təhlükəsizlik məsələsi kimi ön plana çıxarır. Göründüyü kimi, Zəngəzur dəhlizi Azərbaycanın regional sabitliyə alternativ çıxış qapısı və öz muxtar bölgəsi ilə əlaqələrinin təminatçısı kimi çıxış edir. Əgər bu dəhliz artıq işə düşmüş olsaydı, bu gün Bakıdan Naxçıvana göndərilən yük və insanlar İran ərazisinə möhtac olmadan təhlükəsiz şəkildə çatdırıla bilərdi", - deyə o bildirib.

Politoloqun sözlərinə görə, regionda baş verən gərginlik bir xəbərdarlıq siqnalıdır:

"Azərbaycan üçün suveren əraziyə çıxış alternativi çox sayda insanın gündəlik tələblərini qarşılamaq üçün vacibdir. Baş verən hadisələr Zəngəzur dəhlizini yalnız tranzit layihə deyil, həm də suverenlik və geosiyasi müstəqillik göstəricisi kimi vacib edir. Uzunluğu 45 km olan Zəngəzur dəhlizinin açılması Naxçıvan-Bakı və əks istiqamətdə hərəkət edən 200-300 yük maşınına alternativ təklif etməklə, İran üzərindən keçən Orta Asiya-Türkiyə və Orta Asiya-Yaxın şərq marurutu üzrə hərəkət edən yüklər üçün alternativ yol ola bilər. İsrail-İran qarşıdurması bir daha sübut etdi ki, regionda sabitlik heç də zəmanətli deyil. Bu qarşıdurma Cənubi Qafqazın da daxil olduğu geniş regionda siyasi, iqtisadi və nəqliyyat axınlarına ciddi təsir edir. Azərbaycanın milli maraqları baxımından bu vəziyyət açıq şəkildə göstərir ki, Naxçıvanla əlaqə yalnız bir yol üzərində qurulmamalı və alternativlər olmalıdır.

Zəngəzur dəhlizi Azərbaycanın milli təhlükəsizliyinin əsas təməl komponentlərindən biridir. Azərbaycan bu şərtlər fonunda Zəngəzur dəhlizinin açılması üçün beynəlxalq təzyiqləri artırmalıdır və Ermənistanla danışıqlarda dəhlizin yalnız iqtisadi deyil, strateji zərurət olduğunu ortaya qoymalı, buna paralel olaraq infrastruktur hazırlığını sürətləndirməlidir", - deyə politoloq qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
oxu.az

1Mənbələr