AZ

Göbbelssayağı YALAN – Paşinyan araya yenə söz qatdı: “Bu ilin sonunadək...”

Ermənistan Baş naziri Nikol Paşinyan qonşularla barışıq yönündə ilk baxışda qulağa xoş gələn sülhpərvər fikirlər söyləməyə davam edir. Sanki adamın yeganə hədəfi, iş-gücü erməni xalqının Azərbaycan və Türkiyə ilə mənasız düşmənçilik səhifəsini bağlamasına nail olmaqdır. Sanki bu niyyətlə yatır, bu niyyətlə durur, bu niyyətlə də nəfəs alır. Ancaq azacıq mahiyyətə varan kimi tam fərqli mənzərə və nəticələr ortaya çıxır. Gəldik mətləbə.

Erməni lider dünən Praqada keçirilən GLOBSEC 2025 forumunda çıxışı zamanı deyib: “Ermənistanın məqsədi Azərbaycanla sülh sazişinin imzalanması prosesini 2025-ci ilin sonunadək başa çatdırmaq və ATƏT-in Minsk Qrupu (MQ) formatında yaradılmış strukturlarını ləğv etməkdir”.

Davamında bildirib: “Azərbaycan Minsk Qrupunun strukturlarının ləğvi məsələsini gündəmə gətirir. Ümumilikdə bu, bizim üçün məqbul gündəmdir. Amma çox mühüm bur nüans var: biz əmin olmalıyıq ki, Azərbaycan ərazisində də münaqişənin səhifəsi bağlanacaq, nəinki Ermənistana yeni ərazi iddialarına çevriləcək vəziyyət yaranacaq”.

Paşinyan bu xüsusda sözünün “Mustafasını” belə izhar edib ki, “Azərbaycanda bəzi dairələr Ermənistanın suveren ərazisinin təxminən 60%-ni “Qərbi Azərbaycan” adlandırır”, bu da onun qənaətrincə, Ermənistana qarşı ərazi iddiasıdır. “Bizim yanaşmamız isə sülh sazişi imzalamaqla eyni zamanda bu kimi mexanizmləri ləğv etməkdir. Düşünürəm ki, bütün bunları ən azı 2025-ci ilin sonunadək həyata keçirməyə çalışmalıyıq”, - erməni baş nazir vurğulayıb.

Nəhayət, Paşinyan öz sevimli narrativini təkrarlayaraq, əlavə edib ki, Ermənistan sazişin imzalanması və ratifikasiyası üzrə Azərbaycanla danışıqları tezliklə davam etdirməyə hazırdır...

Yəni belə çıxır ki, Minsk Qrupu ilə eyni zamanda Qərbi Azərbaycan İcması da buraxılmalıdır, çünki sən demə, o, Ermənistana ərazi iddiasını reallaşdırmaq üçün qurulan bir təsisat. Beləcə, Paşinyan Göbbels kimi yenə köhnə yalanı təkrarlayır.

Əvvəla, Qərbi Azərbaycan anlayışı özündə indiki Ermənistana hər hansı ərazi iddiasını ehtiva etmir, yalnızca yüz minlərlə soydaşımızın təməl insan haqlarının bərpasının vacibliyini nəzərdə tutur. Getsinlər İcmanın Nizamnaməsini yaxşı oxusunlar. Qısası, hədəf ərazi yox, insan hüquqları məsələsidir!

Bu barədə Azərbaycan rəsmiləri dəfələrlə, ən yüksək səviyyədə bəyan ediblər. Başqa nə cür deyilməlidir? Ən mühümü, Azərbaycan Respublikasının Konstitusiyasında nə Qərbi Azərbaycan ifadəsi əks olunub, nə də ümumiyyətlə, hər hansı ölkəyə torpaq iddiası yer alıb – Ermənistandan fərqli olaraq.

Nikol Vovayeviç qoy bundan danışsın, araya söz qatmasın. Praqada da öncə bundan danışmalı idi ki, sülh müqaviləsinin imzalanmasına ən böyük əngəl Minsk Qrupunun formal mövcudluğu da yox, qonşu ölkənin “Əsas Qanun”ununda ölkəmizə qarşı ərazi iddiası ilə bağlı istinadın qalması, habelə digər qanunverici aktlarda keçmiş Dağlıq Qarabağın hələ də Ermənistanın tərkib hissəsi kimi göstərilməsidir...

Yəni Azərbaycanın tələbi əsla uydurulub eləməyib, barmaqdan sovrulmayıb. Bu - beynəlxalq hüquqdan doğan legitim tələbimiz. Bu şərtimizi durub riyakarcasına “Bakının İrəvandan güzəşt tələbi” kimi qələmı vermək absurd və qeyri-ciddilik olmaqla yanaşı, Ermənistanın sülh niyyəti altında başqa, bəd niyyətin gizləndiyini göstərmirmi?

Azərbaycan, əlbəttə ki, legitim şərtindən heç vaxt imtina edəsi deyil. Çünki bu, bizim əsas “qırmızı xəttimiz”. Nikol Paşinyan guya Ərdoğanın “saqqızını” oğurlayacaqmış kimi qardaş ölkəyə lap 5 dəfə səfər eləsin, “Rəis”dən hansısa xahişlər eləsin, gerçək dəyişəsi deyil. Bakının halallığı olmadan, sülh sənədi imzalanmadan sərhədlər açıla bilməz. Ermənistanın hakimiyyəti və cəmiyyəti iyunun 20-də buna bir daha əmin olacaq.

Atı arabanın arxasına bağlamağı dünyaya sülh səyi kimi sırımaq cəhdlərindən imtina zamanıdır. Yaxşı qonşu qoltuğunda daş, cibində bıçaq gəzdirməz! Kapitulyant ölkə və onun xalqı ya normal qonşu olmağı öyrənəcək, ya da nəsibi yenə zəlalət və rəzalət olacaq...

Z.SƏFƏROĞLU

Seçilən
4
1
musavat.com

2Mənbələr