Astana, 14 iyun, AZƏRTAC
Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyi beynəlxalq ekspertlərin iştirakı ilə Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisi üzrə konsorsiumun rəhbərinin müəyyən edilməsi üzrə işləri başa çatdırıb.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, şirkətlərin istehsalat obyektlərinə baş çəkməklə, açıq və rəqabətli dialoq üsulu ilə dünyanın aparıcı reaktor texnologiyaları təchizatçılarının rəhbərliyi ilə danışıqlar aparılıb.
Aparılan işin nəticələrinə əsasən, potensial təchizatçıların “qısa siyahısı”na aşağıdakı şirkətlər daxil edilib: “Rosatom” (Rusiya), “China National Nuclear Corporation” (Çin), “Électricité de France” (Fransa) və “Korea Hydro & Nuclear Power” (Cənubi Koreya).
Nəticədə, Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyinin “Qazaxıstan Atom Elektrik Stansiyaları” MMC ilə birgə Fransanın “Assystem” mühəndislik şirkətinin hazırladığı metodologiya əsasında təqdim olunan reaktor texnologiyalarının və potensial təchizatçıların digər təkliflərinin, o cümlədən AES-in təhlükəsizliyi, texnoloji və maliyyə aspektləri, beynəlxalq təcrübə, kadr hazırlığı, lokallaşdırma səviyyəsi və s. bölmələr üzrə kompleks qiymətləndirilməsi aparılıb.
Bu təhlilin nəticələri Qazaxıstanda atom elektrik stansiyasının tikintisi üçün “Rosatom”dan alınan ən optimal və sərfəli təklifləri müəyyən edən Nüvə Sənayesinin İnkişafı üzrə İdarələrarası Komissiyaya baxılmaq üçün təqdim edilib.
Daha sonra “China National Nuclear Corporation”ın təklifləri yer alıb. Üçüncü yerdə “Électricité de France” və “Korea Hydro & Nuclear Power” şirkətlərinin təklifləri qərarlaşıb.
Beləliklə, “Rosatom” şirkəti Qazaxıstanda ilk AES-in tikintisi layihəsi üzrə beynəlxalq konsorsiumun lideri kimi müəyyən edilib.
Hazırda “Rosatom”un təkliflərinə uyğun olaraq, Rusiya Federasiyasının vəsaiti hesabına dövlət ixrac maliyyələşdirməsinin cəlb edilməsi məsələsi üzərində iş aparılmağa başlanılıb.
Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyi Qazaxıstanda ilk AES-in tikintisi ilə bağlı effektiv beynəlxalq konsorsium formalaşdırmaq üçün xarici tərəfdaşlarla işi davam etdirəcək.
Astana