Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DEMMENİFEST-2025” Kukla Teatrları Festivalında iştirak edirlər.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Kukla Teatrının festival üçün hazırladığı “İnnab ağacı” tamaşasının premyerası olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, fəxrimiz general-mayor Həzi Aslanova həsr edilən tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qüdrətli sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri və döyüşlərdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələrindəndir.
Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında (tərcüməçi: Elşadə Əzizova) hazırlanmış bu birhissəli rusdilli tamaşa “qara kabinet” üslubunda təqdim olunub. Səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı isə baş rəssam İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada qəhrəmanımızın həyat və döyüş yolu, məktubları və haqqındakı xatirələr əsasında maraqlı səhnə işi ərsəyə gətirilib.
Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın rus bölməsinin aktyorları — Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli canlandırıblar.
Xatırladaq ki, peşəkar kukla teatrlarını bir araya gətirən festivalın başlıca məqsədi kukla sənətçilərinin yaradıcılıq mübadiləsinə şərait yaratmaq və ortaq layihələr üçün zəmin formalaşdırmaqdır. Tamaşa haqqında xoş sözlər söyləyən və yaradıcı heyəti təbrik edən Demmeni Teatrının baş rejissoru Eduard Qayday festivalın iştirakçı diplomunu teatrımıza təqdim edib.
Qeyd edək ki, E. S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının təşkil etdiyi və İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunan festival “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirilir. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Sankt-Peterburq Qubernatorluğunun dəstəyi ilə baş tutan festival iyunun 10-16-sı tarixlərini əhatə edir. Festivalın proqramında səkkiz kukla tamaşası yer alır.
Bu festivalda mükafatlandırma və nominasiyalar üzrə qiymətləndirmə nəzərdə tutulmayıb.