Bakı, 14 iyun, AZƏRTAC
Avstriyanın mədəniyyət paytaxtı kimi tanınan Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evi və Avstriya Azərbaycanlıları Cəmiyyəti növbəti dəfə mühüm beynəlxalq əməkdaşlıq addımı atıblar. Diaspor təşkilatlarının rəhbərliyi Salzburq bölgəsinə daxil olan Hallein şəhərinin bələdiyyə başçısı Alexander Stangassinger ilə rəsmi görüş keçirib. Görüş, Azərbaycan diasporunun Avstriyada artan nüfuzunu və mədəniyyətlərarası inteqrasiyaya verdiyi töhfəni bir daha nümayiş etdirdi.
Bu barədə AZƏRTAC-a Avstriya Azərbaycanlıları Cəmiyyətindən məlumat verilib.
Stangassinger Azərbaycan nümayəndə heyətini səmimi şəkildə qarşılayaraq, onların fəaliyyətinə olan marağını və hörmətini ifadə edib. Azərbaycan Evi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbərliyi bələdiyyə başçısına bu ölkədə yaşayan Azərbaycan icması, onların təşkilatlanma prosesi, mədəni tədbirləri və cəmiyyətin sosial həyatına inteqrasiyası barədə ətraflı məlumat təqdim ediblər.
Tərəflər arasında aparılan fikir mübadiləsi zamanı qarşıdan gələn aylarda reallaşdırılması planlaşdırılan layihələr və diaspor strategiyasının əsas hədəfləri müzakirə olunub. Azərbaycan diasporunun üzərində işlədiyi layihələr xüsusilə mədəniyyətlərarası dialoqun inkişafı, Azərbaycan mədəniyyətinin tanıdılması və Avstriya cəmiyyətinə fəal inteqrasiya istiqamətində nəzərdə tutulub.
Bu kontekstdə Stangassinger Azərbaycan diasporunun gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulayaraq, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın və birgə dəyərlərin formalaşdırılmasının vacibliyindən danışıb. O, Hallein şəhəri olaraq gələcək əməkdaşlıq və tədbirlərin həyata keçirilməsində dəstəyə hazır olduqlarını ifadə edib.
Görüşün sonunda Azərbaycan nümayəndələri Hallein bələdiyyə başçısına Azərbaycanı əks etdirən simvolik hədiyyələr, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafını əks etdirən nəşrlər təqdim ediblər.