Növbəti mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” susqunluğu pozdu.
Azarkeşlərin marağına səbəb olan əsas suallardan biri komandanı hansı futbolçuların tərk edəcəyi idi ki, artıq hər şey məlumdur.
Ağdam təmsilçisi bir gecənin içində dörd ayrılıq xəbərini təqdim etdi. İsmayıl İbrahimli, Marko Veşoviç, Patrik Andrade və Yassin Benzia bundan sonra başqa komandaların uğurlar üçün tər tökəcəklər.
“Qarabağ”a könül verənlər Veşoviçlə Andradenin ayrılığını hardasa anlayışla qarşılayıblar. Lakin Benzianın gedişi fanatlarda sözün əsl mənasında narahatlıq yaradıb.
Klubun sosial media səhifələrində yazılan şərhlərdən ümumi vəziyyəti anlamaq çətin deyil:
“Bunu saxlayardız heç olmasa. O səviyyəyə gətir çıxar, sonra da yola sal”.
“Heç bir halda buraxmamalıydız”.
“Gedənlərin arasında Benzianın adını görəndə deməyə söz tapmadım. Ümid edək ki, daha yaxşı transferlər ediləcək”.
“Ən sevdiyim oyunçu idi. Çox heyif. Uğurlar, Yassin”.
“Belə futbolçunu satıb pul qazanmaq olardı. Müqavilə bitdi, yenisi imzalanmadı, getdi”.
“Benzianı satıb pul qazanmaqdansa, havayı buraxdılar, getdi. Vaxtında müqavilənin müddətini uzatmaq lazım idi”.
“Qarabağ”ın Benzeması, yolun açıq olsun”.
“Çox heyif. Juninyodan sonra indi də Benzia. “Qarabağ” “Titanik”ə bənzəyir yavaş-yavaş”.
“Çox şey itirəcəyik. Benzia kimi oyunçunu almaq üçün milyonlar xərcləməlisiz”.
“Önəmli olanlar gedir. Getməyə layiq olanlar qalır”.
2023-cü ilin yanvarından “köhlən atlar”ın formasını geyinən 30 yaşlı yarımmüdafiıəçi bütün turnirlərdə meydana çıxdığı 104 oyunda 28 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
HƏBİB / SPORTİNFO.AZ