AZ

Qazaxıstanın Orta Dəhlizə çıxışı olan yol dəhlizinin tikintisinə başladı

BAKI, 14 iyun. TELEQRAF

Qazaxıstanın Rusiya ilə sərhəddə yerləşən Kostanay vilayətində Mərkəz–Qərb yol dəhlizinin tikintisinə başlanılıb.

Teleqraf xəbər verir ki, Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, layihə sayəsində ölkənin iki hissəsi arasında birbaşa əlaqə təmin olunacaq, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) çıxış mümkün olacaq.

Tikinti işlərinə Arqalıq şəhərində və Torğay kəndində start verilib. Marşrutun ümumi uzunluğu 865 kilometr olacaq. Bu yol vasitəsilə paytaxt Astana ilə Kostanay vilayətinin İrğız kəndi arasındakı məsafə 573 kilometr qısalacaq. Hökumətin mətbuat xidmətindən bildirilib ki, yol tikintisi zamanı sayqakların miqrasiya yolları nəzərə alınacaq və onların magistral yolu təhlükəsiz şəkildə keçmələri üçün şərait yaradılacaq.

Qeyd edək ki, hökumət may ayında verdiyi açıqlamada bu layihənin həyata keçirilməsinin Arqalıq şəhərini ölkənin əsas logistika qovşaqlarından birinə çevrilməsinə şərait yaradacağını qeyd etmişdi. Bu həm də Mərkəzi Asiya ilə Rusiya arasında əlaqə üçün mühüm olacaq. Yolun buraxıcılıq qabiliyyəti gündə təxminən 3 min avtomobil təşkil edəcək. Tikintinin nə vaxt başa çatacağı isə açıqlanmayıb.

Dəhlizin başlanğıc nöqtəsi İrğızda yerləşir və Samara–Şımkent avtomobil yolu ilə yaxınlıq təşkil edir. Bu yol isə Qərbi Avropa–Qərbi Çin beynəlxalq tranzit dəhlizinin bir hissəsidir. Orta Dəhliz isə Çin, Qazaxıstan, Xəzər dənizinin akvatoriyası, Azərbaycan, Gürcüstan və Avropa ölkələrindən keçir.

Seçilən
10
teleqraf.com

1Mənbələr