AZ

Arda Turan "Şaxtyor"da məşqlərin sayını artırdı

BAKI, 14 iyun. TELEQRAF

Ukrayna "Şaxtyor"unun yeni baş məşqçisi Arda Turan komandanın məşq prosesində dəyişiklik etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, türkiyəli mütəxəssis Donetsk təmsilçisində gündəlik məşqlərin sayını 3-ə qədər artırıb.

38 yaşlı baş məşqçi bunu "Şaxtyor"un rəsmi saytına müsahibəsində təsdiqləyib.

"Niyə də olmasın? Eyni şeyi "Atletiko Madrid"də edirdik. Bu, çox vacibdir. Atletik hazırlıq bu plana uyğundur. Bəli, üç məşq edə bilərik, amma ən əsası, konsentrasiyadır. Sizə karyeramdan bir nümunə verəcəyəm: "Atletiko"da çıxış edəndə Seqoviyada səhər saat 7-də qaçırdım. Eyni vaxtda televizorda "Real Madrid" və "Barselona"nın futbolçularının dəbdəbəli kostyumlarda ABŞ-nin Los-Anceles və Mayami şəhərlərinə səfər etdiklərini görürdük. Onların bizdən daha yaxşı, daha istedadlı olduqlarını qəbul edirdik".

Ardanın fikrincə, Avropada istənilən matçda - final, yarımfinal və ya 1/4 final mərhələsində oynamaq istəyən futbolçu daha çox çalışmalıdır: "Yaxşı oyunçusansa, topa iki dəqiqə yarım toxunursan. Bəs qalan 95 dəqiqə ərzində nə edəcəyik? Biz nə etdik? Həmin “Atletiko Madrid” o vaxt “Barselona” və “Real Madrid”dən daha az istedadlı idi, amma biz daha möhkəm idik. Bizi məğlub edə biləcəklərinə heç kim inanmırdı. Amma “Şaxtyor”da bizim potensialımız var, daha çoxdur. Mən buna inanıram. Ona görə də final matçlarında oynamaq üçün bir az səbirli və dözümlü olmalıyıq. Bilirəm ki, bəzi oyunçular daim bu barədə düşünürlər və bunu səbirsizliklə gözləyirlər. Bu, çox vacibdir, bunlar düzgün şeylərdir. Məsələ burasındadır ki, nə etsək də, futbolçuların heç nədən qorxmalarını istəmirəm”.

Qeyd edək ki, Arda Turan məşqçilik karyerasına 2023-cü il aprelində Türkiyənin Birinci Liqa klubu "Eyüpspor"da başlayıb. 2023/2024 mövsümünün ardından Turan komandanı Türkiyə Super Liqasına yüksəldib. "Eyüpspor" son mövsümü onun rəhbərliyi altında 6-cı pillədə bitirib.

Seçilən
21
teleqraf.com

1Mənbələr