AZ

“Azərbaycanlı Pezeşkianın prezident seçilməsi ABŞ-ın İranda milli zəmində qarşıdurma yaratmaq siyasətini iflasa uğratdı... Odur ki...”

“İran tarixən Rusiyaya dost münasibətdə olmadığına görə Rusiya heç vaxt bu ölkəni İsraillə savaşında birbaşa hərbi yolla dəstəkləməz...” 
 
“İsrail-İran qarşıdurmasının mahiyyəti İranı ABŞ-la barışdırmaq və yenidən onu XX əsrin 60-cı illərinin geo-siyasi çərçivəsinə gətirməkdir. Yəni o dövrdəki kimi İran ABŞ-ın ən güclü müttəfiqlərindən biri olsun. Bu haqda Bzejinskinin “Böyük şahmat lövhəsi” əsərində də aydın şəkildə izahat verilib. Nəzərə alsaq ki, ABŞ-ın xarici siyasətinin əsasını bu kitab təşkil edir, onda İranın ABŞ siyasətində hansı yer tutacağını görəcəyik. ABŞ-a müttəfiq kimi yenidən İran lazımdır və  bunun İsrail vasitəsi ilə təzyiqin nəticəsi olacağına da inanmaq olar. Aydındır ki, siyasətdə dostluq anlayışı maraqlar üzərində qurulur və maraqlarının təmin ediləcəyi halda İranın ABŞ-la yaxınlaşacağına söz ola bilməz”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli ifadə edib:
 
“Iranla Israil arasında bundan sonra genişmiqyaslı savaşın baş verəcəyini təsəvvür etmək belə, ağlasığmazdır. Əgər bu, baş versə, bəşəriyyət Üçüncü Dünya müharibəsi ilə üzləşəcək. Nəzərə alsaq ki, Rusiya-Ukrayna savaşına son qoymaq istəyən ABŞ prezidenti Tramp ilk növbədə Avropa İttifaqını bu müharibədən çəkindirir. Eynilə İranı danışıqlar masasına oturtmaq üçün İsrail vasitəsi ilə İrana da zərbə vurdurur. Aydındır ki, İranın cavab verəcəyi də mümkün sayılsa da, hər iki ölkə daha dərinə getməyəcək”, -deyə həmsöhbətimiz bildirib. 
 
Siyasi şərhçi hesab edir ki, İranda son prezident seçkilərində Azərbaycan türkü olan namizədin prezident seçilməsi Birləşmiş Ştatların həmin ölkədə milli zəmində qarşıdurma yaratmaq planını iflasa uğratdığından ABŞ İsrailin vasitəsilə İrana qarşı hərbi əməliyyat keçirmək yolunu tutub.
 
“Pezeşkianın - azərbaycanlı balasının prezident seçilməsi ABŞ-ı İranda ölkənin vətəndaşları arasında milli zəmində qarşıdurma yaratmaq siyasətini iflasa uğratdı, yəni azərbaycanlı-fars qarşıdurması oyunu heç cür bəhrə vermədi və İran parçalanmadı.  Və bu saat ABŞ-ın İrana qarşı ən böyük təzyiq vasitəsi İsraildir və deməli, onu yalnız elə ABŞ sakitləşdirə bilər... 
 
Amerika Rusiya ilə gizli danışıqları vasitəsilə Ukraynada müharibənin dayandırılması siyasətini Yaxın Şərqdə də həyata keçirtməkdir. Bu minvalla Donald Tramp sülhü bərqərar edən lider adını qazanır və bu halda əlbəttə ki, Nobel Sülh mükafatına layiq  görüləcəkdir...”
 
Həmsöhbətimizin fikrincə, İran tarixən Rusiyaya dost münasibətdə olmadığına görə Rusiya heç vaxt bu ölkəni İsraillə savaşında birbaşa hərbi yolla dəstəkləməz. 
 
“Onu  da nəzərə almaq  lazımdır ki, İran heç vaxt  Rusiyaya münasibətdə dost mövqeyində ola bilməz, çünki Rusiya 19-cu əsrdə İrana məxsus olan torpaqları zəbt etmişdir və İranın gücləndikcə həmin torpaqları Rusiyadan geri istəyəcəyi də aydındır. Götürək elə Zəngəzur  dəhlizini. Burada söhbət təkcə Zəngəzurdan getmir. İran gizli olsa da, elə Ermənistanın özünü istəyir. Elədirsə, Rusiya kontingenti Ermənistanı NATO-dan deyil, elə İrandan qoruyur.
 
İranla Rusiya arasında  qarşıdurma yaranması  Azərbaycana müəyyən faydalar verə bilər. Belə ki, Azərbaycan bir dövlət kimi öz müstəqilliyini gücləndirərək ABŞ-la əlaqələri də gücləndirər və bununla da Rusiyanın Cənubi Qafqaz arzularını da ürəyində qoyar... 
 
Bütün deyilən səbəblərdən İran Rusiya heç vaxt İranı müdafiə etməz və yaxud onun tərəfində olmaz. İsrail-İran münaqişəsinin genişlənməməsini başqa bir oyunçu durdura bilər ki,  o da Çindir. İran bu saat Çinin ən yaxın müttəfiqidir. İrana qarşı İsrail daha ciddi addımlar atsa, o halda Çin İranın müdafiəsinə gələcək. Rusiya isə ayıdır, leşlə dolanan ayı... Yəni İranın yanına yalnız o məhv ediləndən sonra gələcək...”
 
Seçilən
13
1
moderator.az

2Mənbələr