AZ

Yüz faiz qalxan parkinq qiymətləri: Kimlərin əməlidir?

Bakıda bir sıra mollarda parklanma qiyməti bahalaşıb. Özü də yüz faizlik artım qeydə alınıb. Hazırda molların parkinqində yeni parklanma qiymətləri belədir: 0-1 saat 2 AZN; 1-2 saat 3 AZN; 2-3 saat 6 AZN; 3 -5 saat 8 AZN; 5-7 saat 12 AZN; 7-24 saat 20 AZN. Yüz faizlik qiymət artımı mollara şəxsi avtomobilləri ilə gələn müştərilər, burada fəaliyyət göstərən sahibkarlar və digər işçilər tərəfindən narazılıqla qarşılanır.

Məsələyə münasibət bildirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında vurğulanıb ki, bu kimi iaşə obyektlərinin parklanma ərazisi mülkiyyətçiyə aiddir. Bu səbəbdən mollardakı parkinq zonasındakı qiymətlərə nəzarət mümkün deyil.

“Qiymət artımının iqtisadi əsası yoxdur”

İqtisadçı Altay İsmayılovun sözlərinə görə, qeyd olunan iaşə obyektlərinin yeraltı parklanmasında yüz faizlik qiymət artımının heç bir iqtisadi əsası yoxdur: “Hansı dəyişikliklər qeydə alınıb ki, onlar qiymətləri heç bir səbəb olmadan bu qədər yüksəltmək qərarı veriblər? Həmin yerlərin əməliyyat xərcləri artıb, yoxsa işçilərinin əməkhaqlarında artım olub, kommunal xidmətlərin qiyməti yüksəlibmi? Yaxud belə bir qiymət artımı üçün ölkədə yüz faizə yaxınlaşan inflyasiya olmalıdır ki, bunu kompensasiya etmək üçün bu addımı atmış olsunlar. Əhalinin gəlirlərində də ciddi artım müşahidə edilməlidir ki, qiymət artımını başa düşə bilək. Həmin obyektlər belə addım atdıqda, bunu əsaslandırmalıdırlar”.
İqtisadçı bildirdi ki, həmin obyektlər qiymət artımından öncə vətəndaşları məlumatlandırmalı idilər: “Artımı izah edib, əsaslandırmaq lazım idi. Belə etsəydilər məlum narazılıqlar da meydana gəlməzdi. Vətəndaşlar bilərdilər ki, bu obyektlər məcburiyyətdən bu addımı atmalı olublar”.

“Alternativlər mövcud deyil”

A.İsmayılovun fikrincə, bu qərar həmin obyektlərə gələn vətəndaşların sayına təsir edə bilər: “Ölkəmizdə bir çox iri marketlər mövcuddur. Hansı ki, əksəriyyətinin ətrafında, önündə parkinq yerləri var. Həmin ərazidə vətəndaşlar pulsuz şəkildə maşın saxlaya bilirlər. Pulsuz olmasının əsas səbəbi də vətəndaşları həmin obyektlərə daxil olmağa təşviq etməkdir. Mollarda da parkinqə daxil olan insanlar, istənilən halda oranın xidmətlərindən faydalanırlar. Yəni ya mağazalardan alış-veriş edirlər, yaxud restoranda əyləşir, əyləncə məkanlarında əylənirlər. Hər bir halda həmin obyektlərə fayda vermiş, gəlir gətirmiş olurlar. Həmin ödənişlərlə mollar xərclərini qarşılayır. Müştərilər nə qədər çox gələrsə, o qədər də kirayələnən yerlərin ödənişi artır”.

İqtisadçının sözlərinə görə, mollara gələn insanların maşınlarını saxlaması üçün elə çox alternativi də mövcud deyil: “Çünki yol kənarlarında salınan parkinq yerləri kifayət etmir. Haradasa uzaqda saxlayıb moldan alış-veriş etmək də vətəndaşa sərfəli deyil. Vətəndaş alış-veriş üçün həmin obyekti seçirsə, əvəzində onu rahatlığı üçün parkinqlə təmin etmək lazımdır. Bu şəkildə qiymət artımı ilə təmin edildikdə vətəndaşların büdcəsinə ciddi şəkildə təsir edir”.

A.İsmayılovun fikrincə, əlaqədar qurumların məsələyə müdaxilə etməsi mümkündür. Çünki bir çox hallarda süni qiymət artımı olduğu zaman qiymətlərə müdaxilə edə bilirlər.

Seçilən
34
3
publika.az

4Mənbələr