Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.
Bu haqda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətləri tərəfindən yayılan birgə məlumatda deyilir.
Bildirilib ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir.
Həmçinin, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatik stansiyaları fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.
Hazırda havada hər hansı bir çirklənmə müşahidə edilməyib.