Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Azərbaycan Tibb Universitetinin və Azərbaycan İdman Akademiyasının nümayəndələri arasında görüş keçirilib.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub, tərəflər arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Memoranduma Azərbaycan Tibb Universiteti və İdman Akademiyası arasında elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi, multidissiplinar tədqiqatların təşviqi, innovasiyalar vasitəsilə yeni elmi nəticələrin əldə olunması, tədris proqramlarının yenilənməsi və qabaqcıl təhsil metodlarının tətbiqi daxildir.
Tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, qarşılıqlı təlim və təcrübəkeçmə imkanlarının yaradılması, mövcud tədris resurslarından birgə istifadə, əhalinin sağlamlığını qorumaq məqsədilə sosial layihələrin həyata keçirilməsi, habelə idman və səhiyyə sahəsində müasir yanaşmaların təşviqi memorandumun əsas hədəflərindəndir.
Tərəflər beynəlxalq akademik və elmi əlaqələrin gücləndirilməsi, beynəlxalq layihələrdə birgə iştirak etməklə regional və qlobal səviyyədə təsir imkanlarının artırılması istiqamətində də əməkdaşlıq edəcəklər.