AZ

Hər bir şəhid ailəsi ayda 700 manat alacaq...


Mətləb Salahov: “Sosialyönlü siyasətin əsas hədəfi şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsidir”

Məlum olduğu kimi, Azərbaycanda sosial müavinətlər artırılıb. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən bir sıra sosial müavinətlər artırılıb. O cümlədən, şəhid ailələrinin də sosial müavinəti artırılıb. Belə ki, şəhid ailəsi üçün 700 manat,20 Yanvar şəhidinin ailəsi üçün 700 manat,Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat ödəniləcək. Bu qərar şəhid ailələrinin sosial qayğılarının azalmasına, maddi təminatının yüksəlməsinə səbəb olacaq.

“Şəhid ailələrinə şamil edilən sosial müavinətlərin 700 manat müəyyən olunması Azərbaycan dövlətinin torpaqlarımızın bütövlüyü üçün canından keçən vətən oğullarına, onların ailələrinə ardıcıl sosial dəstək siyasətinin davamıdır”

Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Prezidentininsosial müavinətlərin artırılması barədəki son Fərmanı dövlətin öz vətəndaşlarının sosial rifahına göstərdiyi qayğının bariz nümunəsidir. Xüsusilə şəhid ailələrinə şamil edilən sosial müavinətlərin 700 manat müəyyən olunması ilk növbədə Azərbaycan dövlətinin torpaqlarımızın bütövlüyü üçün canından keçən vətən oğullarına, onların ailələrinə ardıcıl sosial dəstək siyasətinin davamıdır: “Sosial dövlət olan Azərbaycanda son illər bu istiqamətdə davamlı olaraq atılan addımlar, görülən tədbirlər aztəminatlı ailələrin, şəhid ailələrinin və əlilliyi olan şəxslərin sosial rifahının yüksəldilməsində əsaslı rol oynayıb. Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı Fərman və Sərəncamlar birmənalı şəkildə aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yol açıb. Bu siyasət əsasən şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqətdə özünü aydın şəkildə büruzə verir. Vətənin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə təqaüdlər verilir, həmin ailələr evlə, maşınla təmin edilir, onların sosial rifah halının yüksəldilməsi üçün davamlı tədbirlər görülür, addımlar atılır. Onu da deyim ki, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştlərinin müəyyən olunması dediklərimizi təsdiq edən mühüm məqamdır. Vətən müharibəsi şəhidləri ilə yanaşı, müharibə iştirakçılarının da banklara və digər kredit təşkilatlarına borclarının silinməsindən əldə olunan gəlirlər də gəlir vergisindən azad edilib. Bütün bu addımların və güzəştlərin mahiyyəti qazi və şəhid ailələrinin həyat şəraitinə, Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərmək məqsədi daşıyır. Dövlətin şəhidlərimizin ailə üzvlərinə və sağlamlığını itirmiş hərbi qulluqçulara diqqət və qayğısının davamlı olması uğurlu sosial siyasətin başlıca istiqamətlərindən biridir.

Hökümətin də rəsmi açıqlamasında qeyd olunduğu kimi, 2018-2025-ci illər üçün ölkə üzrə həyata keçirilən 5 sosial paket 4 milyondan çox vətəndaşı əhatə edib. Prezidentin imzaladığı fərman və sərəncamlara əsasən, bu dövrdə sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verib. Belə ki, minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artırılıb. Eyni zamanda, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti 5 dəfədən çox artırılıb. Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb. Bütün bu sadaladığım faktlar tək bir məntiqi sonluğu ehtiva edir: dövlət rəhbərliyi hər zaman şəhid ailələri və vətən müharibəsi iştirakçılarını diqqət və qayğı ilə əhatə edir”.

Günel CƏLİLOVA

Seçilən
42
baki-xeber.com

1Mənbələr