AZ

“Bu halda İran-İsrail qarşıdurması daha da dərinləşəcək” – POLİTOLOQ

“İsrailin İrana qarşı hava zərbələri regional təhlükəsizlik tarazlığını yenidən gündəmə gətirdi. Bu hücumlar heç də təkcə Təl-Əvivin qərarı deyil, daha geniş geosiyasi planların konturunda formalaşır.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

ABŞ və Böyük Britaniyanın İraq və Suriya hava məkanından aktiv hərbi əməliyyatlara başlaması isə bu situasiyanın lokal deyil, qlobal təhlükəsizlik məsələsi olduğunu göstərir. Əsas məqsəd radikal silahlı qrupların yayılmasının və İranın regional təsir imkanlarının məhdudlaşdırılmasıdır. Bu həm də İranın bölgədəki müttəfiqləri vasitəsilə təzyiq gücünü azaltmağa yönəlmiş proaktiv strategiyadır.

İran_İsrail_bayrağı

İsrail Müdafiə Ordusunun rəhbəri Eyal Zamirin açıqlaması göstərir ki, bu planlar ani qərarların deyil, uzunmüddətli hərbi və diplomatik hazırlığın nəticəsidir. Dünya ölkələri bu cür qarşıdurmalarda hansısa tərəfi açıq dəstəkləməkdən daha çox, barış və dialoq cəhdlərinə önəm verməlidir. Məhz neytral, vasitəçi mövqe tutan ölkələr – məsələn, Türkiyə, BMT-nin bir sıra üzv dövlətləri və Avropa İttifaqı bu proseslərdə sülhün təminatçısı ola bilər. İranın ABŞ dəstəyi ilə fəaliyyət göstərən İsrailə daha sərt cavab verə bilməsi üçün hərbi deyil, siyasi ittifaqlara ehtiyacı var.

Rusiya, Çin və regional oyunçuların iştirakı olmadan bu qarşıdurma daha da dərinləşə bilər. Hər iki tərəf – həm Tehran, həm də Təl-Əviv – beynəlxalq hüququ və mülki insanların təhlükəsizliyini əsas prioritet olaraq qəbul etməlidir. Əks halda, vəziyyət nəinki Yaxın Şərqdə, hətta qlobal səviyyədə qeyri-sabitliyə səbəb ola bilər. Münaqişənin uzanması enerji bazarlarına, beynəlxalq ticarətə və miqrasiya proseslərinə də mənfi təsir göstərəcək. Bu baxımdan, dövlətlər bir tərəfi deyil, sülhü dəstəkləməlidir”.

Politoloq onu da qeyd edir ki, İranın cavab potensialı hərbi müttəfiqlərlə deyil, diplomatik kanallarla gücləndirilə bilər. Çin və Rusiya ilə strateji əməkdaşlıq, Tehran üçün imkan pəncərəsi kimi görünür. Lakin bu əməkdaşlıqlar belə, regionda gərginliyin artmasına səbəb olmamalıdır. İsrailin təhlükəsizlik narahatlıqları da realdır, lakin bu, qarşılıqlı təhlükə dili ilə deyil, siyasi dialoqla həll olunmalıdır. Yaxın Şərq bu qədər qan və göz yaşından sonra artıq barışa ehtiyac duyur. Əks halda, hər bir raketin arxasında bir sivilin həyatı itəcək. Bütün dünya bu mənzərəyə məsuliyyətlə yanaşmalı və sülhün bərqərar olması üçün birgə çalışmalıdır.

 Aisha Abdulova

Seçilən
45
4
nocomment.az

2Mənbələr