
K.Qafarov Ümummilli Liderimizin dövlət quruculuğu işinin ən mühüm istiqamətlərində böyük uzaqgörənliklə atdığı məqsədyönlü və zəruri addımların ölkəmizin bugünkü inkişaf səviyyəsinə çıxması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda da, bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu diqqət mərkəzinə çəkib: “Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında olan sonsuz sayda ən önəmli xidmətləri sırasında qüdrətli Ordu quruculuğu sahəsində görülən işlər xüsusi yer tutur. Heydər Əliyev bu sahənin müstəsna əhəmiyyətini hələ sovet dönəmində düzgün qiymətləndirərək, o dövrdə respublikada hakimiyyətə gəlişindən dərhal sonra hərbi kadrların hazırlanması istiqamətində xüsusi səylər göstərməyə başladı. Qeyd olunmalıdır ki, müstəqilliyin ilk illərində mövcud olan, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr 1993-cü ildən sonra Ali Baş Komandan cənab Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Məhz Ulu Öndərimizin əsasını qoyduğu qüdrətli Azərbaycan Ordusu 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq 30 illik işğala son qoydu. 2023-cü ilin sentyabr ayında isə cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu il artıq ikinci dəfə olaraq Azərbaycan xalqı Milli Qurtuluş Gününü ölkəmizin istisnasız bütün ərazisində böyük təntənə ilə qeyd edəcək. Bu, Azərbaycanda olan xalq-iqtidar birliyinin ən böyük təntənəsi, Heydər Əliyev siyasi irsinin ölməzliyinin bariz nümayişidir” .