AZ

Pul üçün “tərif”, nəticədə isə 40 bal - Repetitorların qazanc YOLU

İllərlə repetitor yanına gedən abituriyentlərə müəllimlər daim “yaxşı hazırlaşır” deyərək zəif tərəflərini qeyd etməyiblər. Valideynlər və şagirdlər isə bu sözlərə inanıb. Nəticədə isə bəziləri hətta 50 bal belə toplaya bilməyiblər.

 

Bəs, müəllim pul qarşılığında reallığı gizlədirsə, onda bu “təhsil” adlanan proses bilik vermək üçündür, yoxsa illüziya yaratmaq?

 

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu danışıb.

162176

 

Onun sözlərinə görə biz artıq məktəbin öz rolunu itirdiyini qəbullanmışıq:

 

“Şagird biliyi repetitordan deyil, məktəbdən almalıdır. Təəssüf ki, bu gün məktəblər bu öhdəliyi layiqincə yerinə yetirmir. Bu zaman isə bütün yük valideynin cibinə və repetitorun üzərinə düşür. Abituriyentin ali məktəbə qəbul olmasında artıq məktəbin rolu qalmayıb.

 

Bu mövzuda məktəb birmənalı şəkildə günahkardır, amma biz məktəbin öz rolunu itirdiyini qəbullanmışıq. Bunun səbəbkarı da yenə məktəbdir. Çünki o, öz statusunu bu hala gətirib. Artıq təhsil müəssisələri abituriyentlərə Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallara cavab verə biləcəyi səviyyədə bilik vermir.

 

Hər il olduğu kimi, bu il də nəticələr bir çox valideyn və abituriyentlər üçün məyusedici oldu. Bu da tək bir abituriyentin deyil, ümumilikdə bütöv bir sistem üzərində sual yaradır. Bu kimin qiymətidir?!

 

Repetitor və müəllimlərin abituriyentin dərslərə hazırlığı ilə bağlı həqiqətdən uzaq cümlələrlə valideynləri sakitləşdirməsi, eləcə də abituriyentlərin zəif tərəfini dərk etmədən hazırlaşması aktual bir problemdir”.

 

“Əgər bir müəllim şagirdə illərlə zəif tərəflərini deməyib, yalnız “pul gəlsin, münasibət pozulmasın”, düşüncələri ilə çalışırsa, bu təhsil yox, ticarətdir. Əlbəttə ki, repetitorluğun özü bir ticarətdir, amma hər bir halda vicdanla hərəkət etmək lazımdır”,- deyə vurğulayıb:

 

“Abituriyent illərlə “yaxşı oxuyursan” sözünü eşidib, nəticədə isə 30-40 bal toplayırsa, bu nəticə tək onun deyil, illərlə onu tərifləyən, reallıqlardan uzaq düşən müəllimin və bu təriflərə inanıb arxayın düşən valideynlərin, ümumilikdə isə obyektiv qiymətləndirmə əvəzinə məmnuniyyət tipli münasibət göstərən sistemin qiymətidir. Bu zaman sual yaranır: Biz bilik vermək istəyirik, ya təhsil görüntüsü yaratmaq?”.

 

R. Fikrətoğlu qeyd edib ki, müəllim abituriyenti reallıqdan uzaq saxlayırsa, bu prosesi təhsil adlandırmaq çətindir. Bu, daha çox illüziya yaratmaq, bir növ “ümid satmaq” olur:

 

“Ədalətli müəllim dərs dediyi şagirdin zəif tərəfərini göztərər və acı olsa da, gerçəkləri valideynlərinə bildirər. Bu, müəllimin həm vicdan, həm də peşə borcudur. Təhsildə dürüstlük olmasa, nəinki aşağı bal, hətta öz güvənini itirmiş bir gənc nəsil yetişər.

 

Ümumiyyətlə, biz daha çox keyfiyyətə deyil, kəmiyyətə fokuslanırıq. Cəmiyyət düşünür ki, şagird repetitor hazırlığına tez başlasın. Bu zaman isə heç kəs keyfiyyəti düşünmür. Artıq “müəllim şagirdə nə öyrədə bildi” yerinə “neçə saat dərs keçdi” anlayışı var.

 

Yenə də bütün günahı tək repetitorlarda axtarmaq olmaz. Bəzi abituriyentlər imtahan həyəcanı, özünü ifadə edə bilməmə, ailə və qonşu qınağının da qurbanına çevrilir...”.

Seçilən
26
azedu.az

1Mənbələr