Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçiriləcək.
Publika.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası baş tutacaq.
DPİ praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçiriləcək.
DPİ üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlər və hesablanmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
DPİ üzrə 5 il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş minimum krediti toplayan və ya sertifikasiya imtahanından keçən şəxslərə sertifikasiya şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) veriləcək.
Şəhadətnamə 5 il müddətində etibarlı olacaq. Minimum krediti toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməli olacaqlar.
Sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsiz olacaq. Sınaq imtahanında iştirak könüllü olacaq və onun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Sertifikasiya imtahanında iştirak edən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir.