AZ

"İnstagram" yeni funksiyalar üzərində çalışır - Nə vaxt təqdim ediləcək?

“İnstagram” yeni funksiyalarla istifadəçi təcrübəsini genişləndirir

Valyuta.az xəbər verir ki, "İnstagram" platforması istifadəçilərə profil şəbəkələrindəki paylaşımların yerini dəyişməyə imkan verəcək yeniliyi elan edib. Şirkət həmçinin kontentin istifadəçilərin əsas xəbər lentində görünmədən paylaşıla biləcəyi funksiyanı da sınaqdan keçirir.

Bu yeniliklərlə yanaşı, “Spotify” ilə inteqrasiya da tətbiq olunacaq və istifadəçilər dinlədikləri mahnıları "İnstagram Notes" bölməsində paylaşa biləcəklər. Platforma eyni zamanda yeni yaradıcıları dəstəkləmək üçün "Drafts" adlı təşəbbüsə başlayır.

"İnstagram"ın məlumatına görə, şəbəkə düzülüşünün dəyişdirilməsi istifadəçilər tərəfindən ən çox tələb olunan funksiyalardan biri olub. Bu yenilik sayəsində istifadəçilər paylaşımlarını istədikləri qaydada düzərək profil görünüşünü fərdiləşdirə biləcəklər. İndiyədək paylaşımlar yalnız xronoloji ardıcıllıqla göstərilirdi və köhnə məzmunu yuxarıda saxlamaq üçün yalnız "sabitləmə" funksiyası mövcud idi.

Bu funksiya profilin vizual cəhətdən daha cəlbedici hala gətirilməsi və ya müəyyən məzmunların önə çıxarılması üçün nəzərdə tutulub. Qeyd edək ki, “Instagram” rəhbəri Adam Mösseri bu ilin əvvəlində bu funksiyanın istifadəyə veriləcəyini bildirmişdi.

Şirkət bu ideyanı ilk dəfə 2022-ci ildə inkişaf etdirməyə başlamış, lakin sonradan müvəqqəti olaraq təxirə salmışdı. 2025-ci ildə isə bu yeniliyin istifadəyə verilməsinə tam hazır olduğu açıqlanıb.

Profilə paylaşılan məzmunun istifadəçilərin əsas lentində görünmədən yayımlanması funksiyası da sınaq mərhələsindədir. "İnstagram" bu yeniliklə istifadəçilərə daha az təzyiqlə məzmun paylaşmaq imkanı vermək istədiyini bildirir.

Mösseri bu barədə blog yazısında qeyd edib: “Yaradıcılıq ifadəsi zaman-zaman qorxuducu ola bilər, xüsusən də əsas lentdə paylaşım edilərkən. Buna görə də istifadəçilərin təzyiq hiss etmədən məzmun paylaşmasını asanlaşdırmaq üçün bu funksiyanı təqdim edirik.”

Qeyd olunan bu funksiya çox güman ki, geniş auditoriyaya çatmaq istəyən yaradıcılar və məşhurlar üçün deyil, daha çox şəxsi profilini sakit şəkildə formalaşdırmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Bu funksiyanın bir növ bənzəri olan "sınaq Reels" funksiyası ilə yaradıcılar videoları yayımlayaraq izləyicilərinə göstərmədən yeni məzmun formatlarını yoxlaya bilirdilər. Şirkətin bildirdiyinə görə, yaradıcıların 40%-i bu funksiyadan istifadə etdikdən sonra Reels paylaşımlarını artırıb və onların 80%-i paylaşımlarının daha geniş auditoriyaya çatdığını müşahidə edib.

Mösseri bildirib ki, bu iki yeni funksiya istifadəçilərə “məzmununuzun harada və necə göstəriləcəyi üzərində əlavə nəzarət” imkanı verir və bu da daha az təzyiqlə yaradıb paylaşmağa şərait yaradır.

Yeni "Spotify" inteqrasiyası istifadəçilərə həmin an dinlədikləri mahnını birbaşa “İnstagram Notes” bölməsində paylaşmağa imkan verir. Beləliklə, izləyicilər həmin musiqiləri görə və dinləyə biləcəklər.

Platforma eyni zamanda "Drafts" adlı yeni təşəbbüsünü də elan edib. Bu təşəbbüs çərçivəsində "İnstagram" yeni yaradıcılarla əməkdaşlıq edəcək və onların layihələrinə maliyyə dəstəyi, əlaqələr, birgə ideyaların inkişafı və əməkdaşlıq imkanları təqdim edəcək.

Sərvanə Rəmixanova

Seçilən
44
valyuta.az

1Mənbələr