Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizovun "APA-Economics"ə müsahibəsi:
– “AzInTelecom”un fəaliyyəti ilə bağlı son yeniliklər nələrdir?
– Bu il Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) şirkətlərindən olan “AzInTelecom” 10 illik yubileyini böyük qürurla qeyd edir. Bu əlamətdar tarix münasibətilə bütün əməkdaşlarımıza indiyədək göstərdikləri peşəkarlığa görə təşəkkür edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.
AZCON-un yaradılması ilə artıq holdinq daxilindəki şirkətlər arasında ciddi sinerji layihələri müəyyən edilib və xüsusilə kibertəhlükəsizlik, biznes resurslarının idarə edilməsi, lisenziyaların effektiv şəkildə idarə olunması sahəsində mühüm işlər planlaşdırılır. Bu isə bizim üçün həm dayanıqlılıq, həm maliyyə effektivliyi, həm də koordinasiya baxımından əhəmiyyətli rol oynayır.
Holdinq yanaşmasına əsasən, artıq biznes həlləri seçilərkən sənaye vertikalları üzrə – bizim sahəmizdə, yəni telekommunikasiya üzrə – şablonların yaradılması, “bir dəfə qur, bir neçə dəfə tətbiq et” yanaşmasına keçidlər və mərkəzi müəssisə arxitekturasının tətbiqi nəzərdə tutulur.
Fəaliyyət istiqamətlərimizə uyğun olaraq “Hökumət buludu” layihəsinin icrası, SİMA platforması, informasiya təhlükəsizliyi xidmətləri və digər istiqamətlərdə işlərimizin icrasına davam etməklə yanaşı, bir sıra yeniliklərə də imza atmışıq.
Dövlət və özəl qurumlar üçün “bulud” xidmətlərinin sahəsini genişləndirməklə yanaşı, fərdi istifadəçilər və kiçik bizneslər üçün də yeni “AzInCloud” adlı ictimai “bulud” platformasını istifadəyə vermişik. Bundan başqa, artıq Abşeron və Hacıqabul rayonlarında iki müasir Data Mərkəzinin inşasına başlamışıq.
Əlavə olaraq, “AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın da əhatə dairəsi böyüməkdədir. Artıq “SİMA İmza” mobil tətbiqinin yüklənilmə sayı 4 milyonu, tərəfdaş sayı isə 75-i ötüb. Rəqəmsal imzanın İnternet Vergi İdarəsinin portalında fərdi sahibkarlar üçün elektron xidmətlərə əlçatanlıq təmin edilib. Həmçinin SİMA brendi altında qanunvericiliyin tələblərinə tam uyğun olan və şəxsiyyətin uzaqdan autentifikasiyasını təmin edən “Videoyazı” və “Videozəng” rəqəmsal həllərini ictimaiyyətə təqdim etmişik. Məhsul və xidmətlərimizin təkmilləşdirilməsi, tələbata uyğun olaraq məhsul kateqoriyamızın genişləndirilməsi, vətəndaşlarımızın rəqəmsal xidmətlərdən istifadəsinin təşviqi və bununla da vətəndaş məmnunluğunun artırılması, yekunda ölkəmizin, yəni biznes sektoru və dövlət qurumları da daxil olmaqla, ümumilikdə cəmiyyətimizin rəqəmsal inkişafı üçün müvafiq işləri davam etdiririk.
– “Hökumət buludu” layihəsi çərçivəsində bu günədək hansı işlər görülüb və layihənin davamı olaraq nə kimi yeni addımlar atılır?
– “Hökumət buludu”nun yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərmana əsasən, bu layihə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizliyini artırmaqla yanaşı, dövlət xərclərinin azaldılmasını hədəfləyir. Layihənin provayderi olaraq “AzInTelecom” tərəfindən 130-dan çox dövlət qurumunun informasiya sistemlərinin “Hökumət buludu”na tam və ya qismən miqrasiyası təmin edilib.
“Hökumət buludu” layihəsi çərçivəsində atılacaq növbəti addımlarla bağlı deyə bilərəm ki, ölkədə aparılan rəqəmsallaşma prosesinin nəticəsi kimi informasiya sistemlərinin də sayı periodik olaraq çoxalmaqdadır. Odur ki, emal olunan məlumatların həcminin artmasını, “bulud” texnologiyaları sahəsindəki müasir tendensiyaları və süni intellektin inkişaf potensialını nəzərə alaraq, data mərkəzi infrastrukturunun inkişaf etdirilməsi məqsədilə beynəlxalq konsaltinq şirkəti cəlb edilməklə tərəfimizdən əsaslı araşdırma aparılıb. Araşdırma nəticəsində müəyyən olunub ki, artıq “bulud” texnologiyalarından istifadəyə tələbat kifayət qədər artıb və nəticə etibarilə Azərbaycanda yeni data mərkəzlərinin yaradılmasına ehtiyac olduğu müəyyən edilib. Yeni yaradılacaq data mərkəzlərin layihələri artıq “bulud” xidmətləri sahəsində beynəlxalq standartları müəyyən edən “TIER III Design”, eləcə də infrastrukturun ekoloji cəhətdən dayanıqlı olmasını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatı üçün tələb olunan ilkin “LEED” Hesabatı əldə edilib. Standartlara uyğun olaraq layihələndirmə işləri aparıldıqdan sonra layihənin icrası üçün ötən ilin sonlarında Avropa İnvestisiya Bankı (AİB) tərəfindən “AzInTelecom”a 43 milyon avro məbləğində kredit ayrılıb. Qeyd edim ki, bu, AİB tərəfindən Azərbaycanda ilk dəfə olaraq dövlət sektoruna ayrılmış kredit idi. Daha sonra data mərkəzlərinin inşası üçün relyef və lokasiya uyğunluğu müəyyən edilməklə Abşeron və Hacıqabul rayonlarında tikinti üçün hazırlıq işləri davam etdirilir.
– Az öncə “AzInCloud” platformasından bəhs etdiniz. Bu platformanın fəaliyyət istiqaməti nədir və istifadəçilər üçün əsas faydası nədən ibarətdir?
– “AzInCloud” layihəsi Avropanın qabaqcıl “bulud” provayderlərindən biri olan “Gcore” şirkəti ilə birgə ərsəyə gətirdiyimiz ictimai “bulud” platformasıdır və xarici “bulud” servislərinə alternativ olaraq hazırlanmış yerli həll hesab olunur. Yerli alternativin xarici şirkətlərdən əsas üstünlüyü əlçatanlığı, məlumatların ölkə daxilində saxlanılması, 24/7 dəstək xidmətinin fəaliyyət göstərməsi, əlavə vergi və komissiya xərclərinə ehtiyac olmamasıdır.
Platformanın yaradılmasında məqsəd ölkəmizdə biznesin rəqəmsallaşmasına dəstək olmaq və dövlət-özəl tərəfdaşlığını təşviq etməkdir. “AzInCloud” bizneslərə yüksək infrastruktur xərcləri çəkmədən çevik və təhlükəsiz texnoloji imkanlar təqdim etdiyi üçün biznes sahibləri əlavə vaxt və resurs sərf etmədən rəqəmsal transformasiyanı sürətləndirə bilərlər.
Hazırda aktiv şəkildə fəaliyyət göstərən azincloud.az platformasında istifadəçilərə müxtəlif “bulud” xidmətləri təklif edilir və portalda “istifadə etdiyin qədər ödə” modeli tətbiq olunur. Yəni burada aylıq stabil bir xidməthaqqı yox, istifadəçinin tələblərinə uyğun ödəniş modelindən söhbət gedir. Saytın Azərbaycan dilində olması və milli valyutamızla ödəniş imkanı istifadəçi təcrübəsinin rahatlaşdırılmasına hesablanıb. Buna görə də həm fərdlər, həm də kiçik və orta bizneslər bu imkandan rahatlıqla yararlana bilərlər.
– Beynəlxalq əməkdaşlıqlar “AzInTelecom”un mövqeyinə necə təsir edir?
– Xüsusilə son illərdə beynəlxalq əməkdaşlıqlarımızın artdığını deyə bilərəm. Avropanın nüfuzlu şirkətlərindən olan “Gcore” ilə əməkdaşlıq haqqında məlumat verdim. Bununla yanaşı, “Google” və “Amazon” kimi qlobal nəhənglərlə qurduğumuz əməkdaşlıq bizim həm texnoloji, həm də xidmət keyfiyyəti baxımından beynəlxalq standartlara uyğunlaşmağımıza şərait yaradıb. Eyni zamanda Türkiyə, Özbəkistan və bir sıra digər region ölkələrinin şirkətləri ilə faydalı partnyorluqlarımız var.
Hazırda Afrika qitəsi ölkələri ilə də “bulud” və biometriya texnologiyaları sahəsində əməkdaşlıq müzakirələrimiz davam etdirilir.
Təbii ki, bütün bu kommunikasiyalar beynəlxalq mövqeyimizə müsbət təsir edir. Həm şirkət olaraq, həm də ayrı-ayrılıqda əməkdaşlarımız qlobal tədbirlərə dəvət alır, yeni partnyorluq imkanları yaranır.
– “AzInTelecom”un kibertəhlükəsizlik sahəsindəki əsas prioritetləri nələrdir?
– “AzInTelecom” üçün kibertəhlükəsizlik vacib istiqamətlərdəndir və yaxın gələcəkdə bu istiqamətdə fokusumuzu daha da artırmağı planlaşdırırıq. Bu sahədə əsas prioritetimiz müştərilərimizin – istər dövlət qurumları, istərsə də özəl sektor nümayəndələrinin rəqəmsal məlumatlarının təhlükəsizliyini təmin etməkdir. Bu məqsədlə bir neçə istiqamətdə fəaliyyət göstəririk.
İlk növbədə proaktiv müdafiə yanaşması bizim əsas prinsiplərimizdəndir. Yəni biz həm insidentlərə reaksiya veririk, həm də potensial təhlükələri öncədən müəyyən edib qarşısını almağa çalışırıq. Qeyd edilən bu işlər 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzimizdə (SOCaaS – Security operations center as a service) qabaqlayıcı analiz və monitorinq sistemlərimizin tətbiqi ilə həyata keçirilir.
Eyni zamanda beynəlxalq standartlara uyğunluq bizim üçün vacib məsələdir. Xidmətlərimiz “ISO 27001” kimi informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlara əsaslanır və bu da müştərilərimizə həm texniki, həm də hüquqi cəhətdən etibarlı mühit təqdim etməyə imkan verir. Xüsusilə ötən il əldə etdiyimiz “PCI-DSS” standartının tətbiqi bizə maliyyə əməliyyatlarında kart məlumatlarının qorunmasını təmin etməyə və müştəri məlumatlarının təhlükəsizliyini yüksək səviyyədə qorumağa imkan verir. Bu, həmçinin reputasiya risklərinin qarşısının alınmasında və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsində mühüm rol oynayır. “ISO 22301” standartı isə şirkətin gözlənilməz hallar və insidentlər zamanı əsas biznes funksiyalarını fasiləsiz şəkildə davam etdirməsinə, risklərə operativ reaksiya verməsinə şərait yaradır.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Biz, həmçinin insidentlərə cavabvermə və operativ reaksiya üzrə xüsusi komanda formalaşdırmışıq. Bu komanda 24/7 rejimində fəaliyyət göstərərək hər hansı kibertəhlükəyə dərhal müdaxilə edir. Komanda üzvləri informasiya təhlükəsizliyi sahəsində beynəlxalq səviyyədə tanınan sertifikatlara (məsələn, CISSP, OSCP, OSEP və s.) malikdirlər ki, bu da onların kibertəhlükələrə qarşı qabaqcıl biliklərə, real insident ssenarilərinə dair praktiki bacarıqlara və qlobal standartlara uyğun işləmək qabiliyyətinə sahib olduqlarını göstərir.
Bu sahədə davamlı inkişaf prinsipini rəhbər tutaraq istifadə etdiyimiz texnologiyaları dövrün çağırışlarına uyğun olaraq yeniləyir və təkmilləşdiririk. Çünki kibertəhlükəsizlik statik deyil, dinamik bir sahədir və yalnız adaptiv yanaşma ilə real təhlükələrin qarşısını almaq mümkündür.
Bütün bu yanaşmalar bir məqsədə xidmət edir – Azərbaycanın rəqəmsal təhlükəsizliyini gücləndirmək və rəqəmsal etimad mühitini formalaşdırmaq.
– Uzun müddətdir ki, gözlənilən inteqrasiyanı bu yaxınlarda tamamladınız. “SİMA İmza”nın İnternet Vergi İdarəsinə əsaslı inteqrasiyasını nəzərdə tuturam. Bununla da sizin SİMA rəqəmsal imza ilə bağlı əsas hədəfinizə çatdığınızı deyə bilərikmi?
– Ümumiyyətlə, “SİMA İmza”nın dövlət xidmətlərinə inteqrasiyası ölkəmizin rəqəmsal transformasiyası adına atılan addımdır. Nəticə etibarilə bu gün artıq “SİMA İmza” mobil tətbiqinin 4 milyon istifadəçi tərəfindən yüklənilməsi bu istiqamətdə əsaslı bir hədəfə çatdığımızı göstərir. Hazırda “SİMA İmza”nın 75 tərəfdaşı var və hər bir inteqrasiyanın arxasında ciddi əmək dayanır. Bu baxımdan bütün inteqrasiyalar bizim üçün vacib əhəmiyyət kəsb edir.
Əlbəttə ki, Dövlət Vergi Xidməti bizim strateji tərəfdaşlarımızdan biridir. Ölkəmizdə çoxsaylı vergi ödəyiciləri olduğunu nəzərə alsaq, düşünürəm ki, onlar üçün tam rəqəmsal bir həllin təqdim olunması labüd idi. İnteqrasiya nəticəsində artıq fərdi sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaimə göndərə, sadələşdirilmiş, gəlir, əmlak və s. kimi bir çox vergi bəyannamələri təqdim edə, ümumilikdə 80-dən çox vergi xidmətindən SİMA rəqəmsal imza ilə rahatlıqla istifadə edə bilərlər. Burada məqsəd ölkənin biznes proseslərinin sürətlənməsinə dəstək olmaq və bu sektorun rəqəmsallaşmasına töhfə verməkdir. Fiziki şəxslər və fərdi sahibkarlardan sonra növbəti addım olaraq hüquqi şəxslərin də İnternet Vergi İdarəsində elektron xidmətlərə SİMA rəqəmsal imza ilə əlçatanlığının təmin edilməsi üzərində birgə işləri davam etdiririk.
Əlavə olaraq, bir müddət öncə Səhiyyə Nazirliyinin bir sıra elektron xidmətlərinə “SİMA İmza”nın Vahid Səhiyyə İnformasiya Sisteminə, elektron səhiyyə portalına inteqrasiyası aparılıb. Bununla da vətəndaş, tibb işçiləri və sahibkar kimi hər kəs “SİMA İmza” ilə bu portalda özünə uyğun elektron xidmətlər ala bilir. Eyni zamanda ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin imzalanması üçün ƏMAS platformasına “SİMA İmza”nın inteqrasiyasını yekunlaşdırdı və statistikaya görə, bu platformada müqavilələrin 98 faizi “SİMA İmza” ilə imzalanıb. Nazirliyin digər elektron xidmətlərinə də “SİMA İmza”nın inteqrasiyası mərhələli şəkildə davam etdirilir. Eyni zamanda ölkənin 40-dan çox maliyyə qurumu öz xidmətlərini SİMA-nın inteqrasiyası ilə rəqəmsallaşdıraraq daha əlçatan ediblər, bura banklar, sığorta və finteks şirkətləri, BOKT-lar də daxildir. Hazırda dövlət və özəl qurumlar daxil olmaqla 100-dən çox müəssisə ilə SİMA-nın inteqrasiyası davam etdirilir.
– Hazırda “SİMA İmza”da əsas fokusun biznes sektoruna yönəldiyini deyə bilərikmi?
– Bizim hədəfimiz həmişə istifadəçidir, xidmətin onun üçün rahatlığı və əlçatanlığıdır. Ona görə də istər vətəndaş, istər biznes subyekti olsun, hər hansı fərq qoymadan biz öz məhsul və xidmətlərimizi maksimum faydalı etməyə fokuslanır, bununla da ölkəmizin rəqəmsal inkişafna dəstək olmağa çalışırıq. SİMA yeni nəsil rəqəmsal imza yaradılanda əvvəlcə vətəndaş həllini istifadəyə verdik, daha sonra fərdi sahibkar və hüquqi şəxs həllərini də təqdim etdik.
Məqsədimiz odur ki, istifadəçi, yəni vətəndaş, sahibkar, hüquqi şəxs və ya onun nümayəndəsi SİMA rəqəmsal imzanın təqdim etdiyi innovativ üstünlüklərdən yararlanmaqla xidmət mərkəzlərinə getmək və növbələrdə vaxt itirmək kimi çətinliklərdən azad olsun, biznesdən biznesə, biznesdən vətəndaşa və biznesdən dövlətə xidmətləri üzrə rəqəmsal imkanlar formalaşsın.
Ümumiləşdirsək, inteqrasiyalar vasitəsilə tərəfdaşlarımızın təqdim etdiyi xidmətləri rəqəmsallaşdırmaqla yanaşı, “SİMA İmza” ilə vətəndaşlar, fərdi sahibkarlar və hüquqi şəxslər üçün limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı yaradılıb.
"SİMA İmza"nın istənilən sistemə inteqrasiya oluna bilməsi və təhlükəsizliyi dövlət-özəl tərəfdaşlığı çərçivəsində vətəndaş məmnuniyyətinin yüksəlməsinə dəstək olur. Təbii ki, bu da öz növbəsində ölkənin biznes sektorunun rəqəmsallaşmasına töhfə verir.
– Ötən il BMT-nin Dayanıqlı İnkişaf üzrə Qlobal Sazişinə qoşuldunuz. Şirkət bununla hansı ekoloji dəyərlərə dəstək verir?
– Biz bu sazişə qoşulmaqla dayanıqlı enerji istifadəsi, ətraf mühitin mühafizəsi və korporativ şəffaflıq prinsiplərinə sadiqliyimizi bəyan etmişik. Enerji effektivliyinin artırılması, karbon izi ilə mübarizə və sosial cəhətdən inklüziv layihələrin həyata keçirilməsi prioritetlərimizdəndir. Hazırda inşa edilməkdə olan iki yeni Data Mərkəzimizdə karbon emissiyasının sıfıra endirilməsi istiqamətində işlər görülür. Öncəliyimiz görülən işlər zamanı ətraf mühitə zərər verməməkdir. Abşeron və Hacıqabulda tikilən yeni nəsil data mərkəzlərinin layihələndirilməsi zamanı enerji səmərəliliyini artırmaq üçün “yaşıl” texnologiyalara, o cümlədən bərpa olunan enerji mənbələrinə və isitmə-soyutma sistemlərinin optimallaşdırılmasına xüsusi diqqət yetirilir. Bu sahədə beynəlxalq təcrübəni tətbiq edərək innovativ texnologiyalara investisiyaların artırılmasına davam edəcəyik.
Az əvvəl də qeyd etdiyim kimi, yeni tikilən data mərkəzlərimiz üçün infrastrukturun ekoloji cəhətdən dayanıqlı olmasını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatı üçün tələb olunan ilkin “LEED” Hesabatı əldə edilib. “LEED v4” sertifikatı enerji səmərəliliyi, resursların idarə olunması və ətraf mühitə təsirin minimuma endirilməsi baxımından beynəlxalq səviyyədə tanınan davamlı tikinti standartıdır.
– Gələcək üçün əsas hədəfləriniz hansılardır? Xüsusən strateji inkişaf planları nələrdir?
– AZCON şirkətlərindən biri olaraq Azərbaycanın Cənubi Qafqaz və Xəzər hövzəsinin rəqəmsal habına çevrilməsi istiqamətində əlimizdən gələni edirik. Yeni nəsil data mərkəzlərinin istifadəyə verilməsi, süni intellektin inkişafına dəstək məqsədilə müvafiq infrastrukturun qurulması və böyükhəcmli data əsasında yeni rəqəmsal məhsulların hazırlanması gələcək üçün əsas istiqamətlərdəndir. Ona görə də düşünürəm ki, vətəndaşlarımız, qurumlarımız rəqəmsallaşma prosesində daha da yaxından iştirak etməlidir.
Həmçinin ölkəmizdə biometrik identifikasiyanın bütün sahələrdə tətbiqinə nail olmağı hədəfləyirik. Çünki günümüzdə artıq kiberdələduzların rəqəmləri, parolları və digər təhlükəsizlik sərhədlərini aşması asanlaşıb. Ona görə də biz SİMA brendi altında süni intellekt və üztanıma texnologiyasına əsaslanan müxtəlif identifikasiya həlləri təqdim edirik.
Ümumilikdə strateji inkişaf planlarımız çərçivəsində identifikasiya sahəsində biometriya və kriptoqrafiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, “bulud” əsaslı süni intellektin inkişafı, yeni nəsil data mərkəzlərinin süni intellekt ilə gücləndirilməsi, həmçinin rəqəmsal həllər vasitəsilə vətəndaşların kiberdələduzluq hallarından maksimum qorunması nəzərdə tutulur.
Bir sözlə, inanıram ki, ölkədə rəqəmsal infrastrukturu gücləndirmək üçün ekosistemə olan faydamızı daha da artıracağıq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.