ABŞ prezidenti Donald Tramp İranın cavab hücumu halında İsraili müdafiə etməyə hazır olduğunu bildirib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Cenifer Qriffin məlumat yayıb.
“Prezident İranın cavab verib-verməyəcəyini izləyəcək, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yüksək döyüş hazırlığı vəziyyətindədir. Əgər İran cavab verərsə, ABŞ həm özünü, həm də İsraili müdafiə edəcək”, – deyə Qriffin “X” sosial şəbəkəsində yazıb.
“Tramp administrasiyası Yaxın Şərqdə azı bir əsas müttəfiqlə əlaqə saxlayaraq İsrailin zərbə endirəcəyi barədə məlumat verib, ABŞ-nin bu hücumlara qarışmadığını və əsas məqsədin İranı danışıqlar masasına qaytarmaq olduğunu bildirib”, – deyə o əlavə edib.
Qriffinə məlumat verən adları açıqlanmayan amerikalı rəsmilərin sözlərinə görə, ABŞ son həftələrdə İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi üçün raket arsenalını yenidən doldurub.
Teymur Məmmədov