Yay fəslinin gəlişi ilə çimərlik mövsümü də başlayır.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hazırda Bakı şəhərində çimərlik mövsümünə hazırlıq işləri aparılır. Bununla bir neçə dövlət qurumu məşğul olur.
Özəl çimərliklər və istirahət mərkəzlərində mövsümə hazırlıq məsələlərinə nəzarət məqsədilə hər rayon üzrə nümayəndələr ayrılıb. Bu nümayəndələr əraziyə baxış keçirir, yoxlamalar aparır. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi tərəfindən də çimərliklərdə təhlükəsizlik və texniki hazırlıq baxımından yoxlamalar həyata keçirilir. Rəngləmə, inventarların yenilənməsi, təhlükəsizlik tədbirləri bu yoxlamaların əsas hissəsini təşkil edir.
6 ərazidə xalqa xidmət edən çimərliklər
Artıq 6 ildir ki, Abşeron yarımadasında Sahil, Buzovna, Novxanı, Goradil, Pirşağı və Səbail rayonu Şıx qəsəbəsi də olmaqla, 6 ərazidə ictimai çimərliklər yaradılıb. Bu çimərliklər mövcud özəl istirahət mərkəzlərinə alternativ olaraq istifadəyə verilib və ən böyük üstünlüyü pulsuz xidmət göstərməsidir.
Bu ərazilərdə təmizlik və abadlıq işləri aparılıb. İnventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları təmir olunub, rəngləmə işləri görülüb, avtomobil dayanacaqları yaradılıb. Eyni zamanda, tullantıların vaxtında daşınması və ümumi təmizliyin qorunması üçün əlavə tədbirlər görülür.
Mövsüm boyu çimərliklərdə polis əməkdaşları asayişin qorunmasında, tibb işçiləri və FHN-in xilasediciləri isə təhlükəsizliyin təmin olunmasında iştirak edirlər.
İctimai çimərliklərə giriş pulsuzdur
Burada göstərilən xidmətlərə görə heç bir ödəniş tələb olunmur. Özəl çimərliklərə giriş də pulsuzdur, lakin göstərilən xidmətlər ödənişlidir.
Təəssüf ki, bəzi vətəndaşlar ictimai çimərliklərdə təmizliyə riayət etmir, inventarlara zərər verir və ərazini zibilləyirlər. Bu səbəbdən müvafiq orqanlar və çimərlik rəhbərliyi vətəndaşlardan qaydalara əməl etməyi, təmizliyi qorumağı xahiş edir.
Respublika Gigiyena və Epidomologiya Mərkəzi may ayından dənizdə suyun keyfiyyətini yoxlamaq, çimərliklərin hazırkı vəziyyətini öyrənmək məqsədi ilə monitorinqlərə başlayıb. Yoxlamalar Abşeron yarımadası və ölkənin şimal və cənub rayonlarında, Mərkəz və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Qaradağ rayonundakı Sahil çimərliyi, Səbaildəki Şıx, Suraxanıdakı Hövsan, Xəzər rayonundakı Türkan, Şüvəlan, Buzovna, Mərdəkan və Zuğulba çimərliklərindən götürülən su nümunələri fiziki-kimyəvi və bakterioloji tədqiqata cəlb olunub. Tədqiqatlar davam edir və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”,- məlumatda qeyd olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün çimərlik mövsümünə hazırlıqla bağlı media-turda təşkil edib. Bildirilib ki, aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülür. May ayından etibarən nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirilib.