AZ

Kremlin Qarabağ qorxusu - MÜZAKİRƏ

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Şanlı Zəfərindən sonra birdəfəlik bağlanan Qarabağ məsələsi ilə bağlı Rusiya tərəfinin təxribatçı açıqlamaları və manevrləri davam edir. Bu dəfə anti-qəhrəman rolunda Rusiya Prezidentinin köməkçisi, Ukrayna ilə aparılan danışıqlar heyətinin rəhbəri Vladimir Medinski çıxış edib. Onun Ukrayna məsələsi ilə artıq tarixə qovuşmuş Qarabağ problemini uğursuz müqayisə cəhdi Bakıda ciddi etirazla qarşılanıb.

“Əgər Ukrayna münaqişəsi real sülh olmadan dayandırılarsa, bu, nüvə müharibəsinə gətirib çıxara bilər. Çünki Kiyev və NATO Rusiyanın yeni ərazilərini geri almağa çalışacaq”, –

Medinski deyib. – “Əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə, atəşkəs bağlansa, – bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, – bu, region böyük bir Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya üzv olacaq, müttəfiqləri ilə birlikdə bu əraziləri geri almağa çalışacaq və bu, planetin sonu olacaq, bu, nüvə müharibəsi olacaq”, – Medinski bildirib.

Rusiya tərəfinin məlum bəyanatına Azərbaycanın sərt reaksiyası özünü çox gözlətməyib.

“Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.

“Təəccüblü hal budur ki, Rusiya Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir.

Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır. Eyni zamanda, sual doğuran məqam bundan ibarətdir ki, Minsk qrupunun həmsədri olmuş ölkə prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir.

Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya–Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və anti-terror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və cəmi bir gündən də az davam etmiş 2023-cü il anti-terror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub.

Cənab Medinskiyə tövsiyəmiz budur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin”.

Azərbaycan tərəfinin Rusiyaya sərt etirazından sonra Kreml ortamı yumşaltmağa cəhd göstərib. “Rusiya Qarabağı rəsmi olaraq Azərbaycanın ərazisi kimi tanıyır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb. O, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı səsləndirdiyi fikirləri kontekstdən çıxarmamağa çağırıb. Zaxarova qeyd edib ki, Medinski həmin açıqlamasında vəziyyətin tarixi aspektindən və sosial-mədəni xüsusiyyətlərindən bəhs edib. 

Lakin istər Medinskinin, istərsə də Zaxarovanın məlum açıqlamalarının nə dərəcədə uğursuz və arqumentsiz olduğu ortadadır. Məsələ Azərbaycanın ictimai-siyasi kəsimi tərəfindən də hiddətlə qarşılanır.

“Belə təsadüfi adamların Azərbaycanın ərazi bütövlüyünə qarşı danışdığı cəfəngiyyatlar bizi öz mövqeyimizdən döndərə bilməz. Bu, yalnız iki dövlət arasında münasibətlərə kölgə sala bilər.  Yaxşı olardı ki, Rusiyadakı bəzi dairələr Azərbaycanın yaratdığı reallıqları qəbul etsin”.

Bunu hafta.az-a ekspert Azər Bayarmov bildirib.

A.Bayramov Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı Ukrayna əraziləri ilə müqayisə etməsini absurd və gülünc hesab edib. Onun fikrincə, bu müqayisə kökündən yanlışdır:

“Birinci, ona görə ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci ildə Azərbaycan ordusu məhz işğal olunan əraziləri azad etdi. 2023-cü ildə antiterror tədbirləri ilə Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Rusiya-Ukrayna məsələsində isə vəziyyət tamamilə fərqlidir və məhz Rusiya Ukrayna ərazilərini işğal edir.  Bunu müqayisə etmək məqsədyönlü şəkildə edilən riyakarlıqdır və Azərbaycan–Rusiya arasında imzalanmış müttəfiqlik bəyannaməsinə zidd olaraq belə fikirlər səsləndirilməsi qəbuledilməzdir”, – ekspert deyib.

A.Bayramov diqqəti Qarabağın beynəlxalq prinsip və normalara görə Azərbaycan ərazisi kimi tanınmasına diqqət çəkib. Eyni zamanda, Rusiyanın bir az da irəli gedərək Qarabağın Azərbaycanın əraziləri olması barədə təsdiqləyici fikirlərini riyakar müqayisəyə verilən tutarlı cavab kimi dəyərləndirib.

“Bu, Rusiya-Azərbaycan münasibətlərinə ciddi kölgə sala biləcək bəyanatdır. Biz Medinskiyə belə açıqlamalardan çəkinməyi, tarixi bilmirsə, ona tarixi oxuyandan sonra məsələlərə münasibət bildirməyi tövsiyə edirik”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

 A.Əlizadə Rusiya Prezidentinin köməkçisi Medinskinin olduqca yanlış mövqe sərgilədiyini önə çəkib.

“Medinski Azərbaycanın Qarabağ ərazisini mübahisəli ərazi kimi qeyd etməklə kifayətlənməyib, üstəlik, Ukraynanı Qarabağla müqayisə edib. Təəssüf doğuran məqam odur ki, Medinski tarixçidir və Qarabağın Azərbaycan torpağı olduğunu yaxşı bilir. Eyni zamanda, son 30 ildə Azərbaycanda - Qarabağda baş verənlər hər kəsin diqqət mərkəzindədir. Rusiya xüsusilə bu prosesin içərisində olub. Onu da unutmuruq ki, Qarabağ probleminin yaranmasının və uzun müddət qalmasının kökündə Rusiya amili dayanıb. Ermənilər Azərbaycan torpaqlarını təkbaşına işğal etmək gücündə deyil. Rusiya, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq bu prosesdə iştirak edib. Guya münaqişənin tənzimlənməsi prosesinə vasitəçilik edib. Biz Minsk Qrupunun hansı fəaliyyətsizliklə məşğul olduğunu bilirik. Üstəlik, bu məsələni münasqişə kimi təqdim etmək və bunu Ukrayna Rusiya müharibəsi ilə müqayisə etmək qeyri-adekvat yanaşmadan xəbər verir”, – deputat deyib.

A.Əlizadə hesab edir ki, prezidentin köməkçisinin  bu cür yanlış açıqlama verməsi təsadüfi ola bilməz. Onun fikrincə, Medinski tarixçi ola-ola belə yanlışlıqlar edirsə, deməli, qərəzlidir, öz fikri deyildir.

“Bu, Rusiya rəhbərliyində olan müəyyən qrupların fikridir. Azərbaycan 30 ildən sonra torpaqlarını işğalçılardan təmizləyib, suverenliyini bərpa etdi. Azərbaycan regionda yeni reallıqlar yaratdı və bu gün regionda müstəqil xarici siyasət yürüdür. Medinski bu reallığı qəbul etməyən qüvvələrdən birinin nümayəndəsi olaraq danışır. Rusiya rəhbərliyində olan Medinskinin bu açıqlaması dövlətlərarası münasibətlərə ciddi  kölgə sala bilər. Bu, Rusiyanın köhnə imperiya siyasətini yürütmək və keçmiş postsovet məkanında olan ölkələri hansısa formada öz nəzarətində saxlamaq istəklərindən irəli gəlir. Belə açıqlamalar heç bir siyasətçiyə və dövlət rəhbərliyində olan şəxsə başucalığı gətirməyib, gətirməyəcək.  Qarabağ Azərbaycan torpağıdır. Biz öz hərbi, iqtisadi gücümüzlə, potensialımızla regionda yeni reallıqlar yaratmışıq. Biz torpaqlarımızı işğaldan azad etməklə tam müstəqil siyasət yürütdüyümüzü və  bölgənin lider dövləti olaraq güc sahibi olduğumuzu ortaya qoymuşuq. Bundan da narahat olub belə açıqlama verənlər onun fərqində olmalıdır ki, heç kim bu cür bəyanatlarla bizə təsir etmək gücündə deyil”, – deputat deyib.

“Rusiyanın rəsmi şəxsinin bu bəyanatı münasibətlərimizə ciddi təsir göstərir. İnandırıcı görünməsə də, ümid edək ki, Rusiya hakimiyyəti Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı müzakirə edəcək, göstərilən faktları bir daha təhlil edəcək və zəruri addımlar atacaq”.

Bunu hafta.az-a siyasi icmalçı Abutalıb Səmədov Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif etməsi, Qarabağı mübahisəli ərazi kimi təqdim etməsi ilə bağlı bildirib.

A.Səmədov hesab edir ki, Medinskinin məlum müsahibəsində söylədiyi fikirlər Rusiya hakimiyyətində kimlərin təmsil olunduğunu və siyasi, tarix bilgilərinin səviyyəsini bir daha göstərir.

Siyasi icmalçı yaxın keçmişdə bölgəmizdə yaşanan tarixi faktlara diqqət çəkib. O, qeyd edib ki, 1991-ci il 21 dekabr Almata bəyanatına görə, Sovet İttifaqına daxil olan respublikaların inzibati sərhədi dövlət sərhədi kimi tanınıb və buna Rusiya özü də imza atıb. Həmin sənədə görə keçmiş Dağlıq Qarabağ mübahisəli ərazi yox, Azərbaycan ərazisi kimi təsdiq olunub.

“Rəsmi sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilib və heç vaxt mübahisəli olmayıb. Bununla yanaşı Qarabağın işğal olunmasının Ukraynanın əraziləri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan heç kimin torpağını işğal etməyib, əksinə, işğal olunmuş ərazilərini 44 günlük müharibə nəticəsində azad edib. Azərbaycan Ermənistan hərbi qüvvələrini ağır məğlubiyyətə uğradıb və təslimçilik aktına imza atmağa məcbur edib. Azərbaycan rəhbərliyi dəfələrlə Qarabağ ermənilərinə müraciət edərək onları ölkə cəmiyyətinə reinteqrasiya olunmağa çağırıb, əlverişli şərtlər təklif edib. Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, dillərini, dinlərini inkişaf etdirmək üçün əlverişli şərait yaratmağı təklif etmişik. 2023-cü ilin sentyabrında anti-terror tədbirlərindən sonra ermənilər Azərbaycanı sərbəst şəkildə tərk edib gediblər. Bütün bunlarla yanaşı, Qarabağla Ukraynanın işğal olunmuş 4 vilayəti arasında oxşarlıq axtarmaq çöx böyük “istedad” tələb edir”, – siyasi icmalçı bildirib.

“Medinskinin Ukraynadakı müharibə və Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin legitimləşdirilməsi üçün “mübahisələndirilən ərazilər” terminindən istifadəsi və Qarabağı da eyniləşdirmə cəhdi siyasi hədəfə hesablanıb. Rusiya Ukraynadan beynəlxalq hüquqla tanınan ərazilərinin işğal faktını beynəlxalq hüquqla “mübahisəndirilmiş ərazi” anlayışı ilə maskalamağa çalışır. Qarabağın da mübabisələndirilmiş ərazi kimi səsləndirilməsi isə ikili xarakter daşıyır -  Azərbaycana təzyiq, Ermənistanda revanşistlərə, Koçaryan, Sarkisyan komandasına dəstək vermək”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib. Ekspert qeyd edib ki, Rusiya Qarabağı da mübahisələşdirilmiş ərazi kimi təqdim etməklə istəyir ki, həm Cənubi Qafqaz, həm də Ukraynada siyasi məqsədlərini həyata keçirsin, möhkəmlənsin və nəhayət, legitim mövcud olsun.

V.Dadaşovun fikrincə, Rusiyanın Ukrayna qarşısında ağırlaşan vəziyyəti onun hərbi məğlubiyyəti ilə nəticələnəcəyi ehtimalını yüksəldir:

“Rusiyanın “mübahisələndirilmiş ərazi” anlayışından istifadə etməyə başlaması həm də hərbi məğlubiyyət vəziyyətində işğal etdiyi ərazilərə rıçaq saxlamaqdır. Ancaq artıq proses Rusiya üçün acınacaqlı sonluğa aparır”.

“Qarabağı hələ də “mübahisəli ərazi” kimi təqdim edən ölkə Azərbaycanın strateji tərəfdaşı olmadığı kimi, bu ölkəyə heç bir halda Xankəndidə konsulluq xidməti açmağa yaşıl işıq yandırıla bilməz”. Bu sözləri isə politoloq Elxan Şahinoğlu bildirib.

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara “tamamilə fərqli bir məna verməməyə” çağırıb.

Biz kontekstdən heç nə çıxarmırıq və faktları təhrif etmirik. Prezidentin köməkçisi “Russia Today” kanalına müsahibəsində bunu deyib: “Əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə, atəşkəs bağlansa, – bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, – bu, region böyük bir Qarabağa çevriləcək”. Yəni Medinski demək istəyib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs olarsa, Kreml istəyinə nail ola bilməyəcək və Donbas Qarabağ kimi “mübahisəli əraziyə” çevriləcək. Bu, baş verməsin deyə, Kreml Ukraynada məsələni “köklü” həll etmək istəyir.

Birincisi, Azərbaycan Qarabağı işğaldan azad edib, Rusiya isə Donbası işğal edib. İkisi arasında ən böyük fərq budur.

İkincisi, keçmiş işğalçı dövlət olan Ermənistanın hakimiyyəti müharibədən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, Ukrayna isə işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu qəbul etməyib. Bir məqamı da nəzərə almalıyıq ki, Medinskinin Qarabağla Donbas arasında apardığı uğursuz müqayisə yalnız onun beyninin məhsulu deyil, köməkçisi olduğu şəxs də onun kimi düşünür, sadəcə, Azərbaycan Ordusunun qələbəsi Kreml sahibinə reallığı qəbul etməyə məcbur edib. Belə bir adamın bir gün reallığı dəyişmək istəmədiyindən əmin ola bilmərik”.

 

Seçilən
28
1
hafta.az

2Mənbələr