AZ

Bu ayaqqabıya verəcəyiniz pul ayağınızı yerdən kəsə bilər - 28 milyonluq qadın ayaqqabısı

Dünyada bahalı əşyaların sayı-hesabı yoxdur. Bəziləri bu əşyaları sərvət nümayişi üçün alır, bəziləri isə onları sənət əsəri kimi dəyərləndirir. Bu əşyaların bir qismi gündəlik istifadəyə uyğun görünsə də, qiymətləri insanı heyrətə gətirir. Kiminsə gözündə mənasız və israf, başqası üçün isə zövq və prestij göstəricisi olan bu məhsullar lüks həyatın ən parlaq simvollarındandır. Onlar sadəcə əşya deyil, sərvətin və fərqliliyin təcəssümüdür. 

Valyuta.az bu yazıda həmin sıraya daxil olan, dünyanın ən bahalı qadın ayaqqabısından – “Passion Diamond Shoes”dan bəhs edəcək.

Dünya dəb sənayesində və lüks məhsullar bazarında adı ən çox hallanan qadın aksesuarlarından biri də "Passion Diamond Shoes" adlı ayaqqabıdır. Dəyəri ilə adından söz etdirən bu ayaqqabı nəinki moda tarixində, hətta gündəlik həyat üçün nəzərdə tutulan əşyaların sıralamasında da özünəməxsus yer tutur.

Kim tərəfindən və harada hazırlanıb?

"Passion Diamond Shoes" Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən lüks ayaqqabı brendi "Jada Dubai" ilə məşhur İtaliya zərgərlik evi "Passion Jewellers" tərəfindən hazırlanıb. Bu əməkdaşlığın məqsədi sadəcə bir ayaqqabı yaratmaq deyil, moda ilə zərgərlik sənətini birləşdirən nadir və bənzərsiz bir artefakt təqdim etmək olub. Ayaqqabı ilk dəfə 2018-ci ilin sentyabr ayında Dubayın Burj Al Arab otelində eksklüziv tədbir çərçivəsində təqdim olunub.

Qiyməti hər addımınızı daha ehtiyatlı atmağa vadar edəcək

Bu ayaqqabının dəyəri 17 milyon ABŞ dollarıdır, bu da onu dünyanın ən bahalı qadın ayaqqabısı statusuna yüksəldir. Mütəxəssislərin fikrincə, bu məbləğ sırf istifadə olunan qiymətli materiallar və əl işinin nadirliyi ilə deyil, həm də simvolik və prestij dəyəri ilə əsaslandırılır. Ayaqqabı tamamilə əl işidir və bir neçə ay davam edən sifariş əsaslı proseslə hazırlanıb

Nədən hazırlanıb?

Bu ayaqqabının hər bir detalında yüksək dəyərli materiallardan istifadə olunub:

Əsas örtüyü: nadir və yüksək keyfiyyətli ətirşah ağ dəridən

Dizayn və bəzək: hər cüt ayaqqabının üzərində 36 karatlıq almaz, o cümlədən iki 15 karatlıq böyük ağ brilyant yerləşdirilib

Daban və işləmələr: 18 karat saf qızıl

Ümumi quruluş: ayaqqabının bütün metal və bəzək hissələri qızıldan hazırlanıb, qiymətli daşlar isə zərgərlər tərəfindən əl ilə yerləşdirilib

Ayaqqabı haradadır?

Ayaqqabı satışa çıxarılıb, lakin kimə satıldığına dair rəsmi məlumat yoxdur. Bəzi mənbələr onun zəngin bir kolleksiyaçının əlinə keçdiyini ehtimal edir. Digər ehtimala görə, məhsul hələ də “Passion Jewellers”in sərgi kolleksiyasında saxlanılır və yalnız istisna hallarda nümayiş olunur.

Sərvanə Rəmixanova

Seçilən
33
valyuta.az

1Mənbələr