AZ

Zəfərin təməlinin atıldığı 15 İYUN

1993-cü ilin 15 iyun tarixindən 32 il keçir. 1997-ci ilin iyun ayından etibarən Milli Qurtuluş günü bayramı elan edilən bu günün mahiyyətini dərk etmək və müvafiq nəticələr çıxarıb ibrət dərsləri almaq müstəqil dövlətimizin və millətimizin keçdiyi yolu, mövcud vəziyyətini, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacib olduğundan bir neçə əsas suala cavab vermək lazımdır: birincisi, dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan xalqının qarşısında dayanan vəzifələr hansılar idi və yerinə yetirildimi; ikincisi, ölkəni parçalanmaqdan və dövlət müstəqilliyini itirilməkdən kim xilas edə bilərdi; üçüncüsü, 15 iyunda Azərbaycan xalqı nədən qurtuldu; dördüncüsü, baş verənlərdən hansı ibarət dərsləri almaq olar?

Qarşıda dayanan vəzifələr

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan xalqının qarşısında əsasən aşağıdakı vəzifələrin yerinə yetirilməsi dayanırdı: dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək; planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək; təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək; dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti yaratmaq; Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı Azərbaycanın daxili işlərinə kobud müdaxiləsini və hərbi təcavüzünü dayandırmaq, nəticələrini aradan qaldırmaq və s.

Ermənistanın əsassız ərazi  iddiaları səbəbindən bir neçə il əvvəl başladığı daxili işlərə kobud müdaxilə davam edir, tarixi Azərbaycan torpaqları olan və Ermənistan adlandırılan bu respublikada dədə-baba yurdlarında yaşayan azərbaycanlılar vəhşicəsinə qovularaq qaçqına çevrilir, ərazinin etnomədəni mənsubiyyəti itirilir, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar məhv edilirdi. Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrinin əhalisi məcburi köçkünə çevrilirdi. Bu çətin və mürəkkəb problemləri həll etmək əvəzində Azərbaycanda hakimiyyət uğrunda qruplaşmalar arasında mübarizə gedirdi. Dövlət hakimiyyəti xalqın qarşısında dayanan vəzifələri həll edə bilmirdi.

Silahlı çevriliş yolu ilə 1992-ci ilin may ayında hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi də ölkə qarşısındakı vəzifələri həll edə bilmədi, vəziyyət daha da pisləşdi. Dövlət idarəçiliyində səriştəsizlik, problemlərin yanlış qoyulması, onların həllinə səhv, primitiv, məhdud yanaşma, qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında ixtilaflar, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud davranışlar, ölkənin şimalında və cənubunda xaricdən dəstəklənən separatçılıq hərəkətləri, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumların elan edilməsi, Azərbaycan xalqının parçalanma astanasında olması, sabaha ümidlərin olmaması, yürütdüyü siyasət nəticəsində hakimiyyətin xalqdan ayrı düşməsi, ona bəslənən ümidləri doğrulda bilməməsi acınacaqlı şərait yaratmışdı.

Hərbi və mülki hakimiyyət arasında ixtilafların hökm sürməsi nəticəsində dövlətə tabe olmayan bir qrup hərbçi Gəncədə “Hərbi birlik” yaratmışdı. 1993-cü il iyunun 4-də polkovnik Surət Hüseynovun rəhbərliyi altında şəhərdəki 709 saylı hərbi hissədə baş verən qiyamı yatırmaq üçün 130 saylı hərbi hissədən həmin hərbi hissəyə hücum edildi, qardaş qanı töküldü. Gəncəyə gedən dövlət və hökumət nümayəndələrini girov götürən qiyamçı dəstələr Bakıya doğru hərəkət etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin – vətəndaş müharibəsi astanasında dayanmışdı. Millət heç bir zaman bu qədər qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi.  Belə ağır şəraitdə ölkəni xarici hərbi təcavüzdən qorumaq mümkün deyildi. Cəbhədəki uğursuzluqlar bir-birini əvəz edirdi.

Xalqın mənəvi-psixoloji böhranı baş verirdi. Sabaha ümid yox idi.

Dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etməli olan xarici siyasət fəaliyyəti də bərbad halda idi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə  malik olmayan, milli maraqları etibarlı qoruya bilməyən hakimiyyət  ölkəni beynəlxalq təcridçiliyə gətirıb çıxarmışdı.

Müstəqilliyin bərpasından sonra bəzi addımlar atılsa da dövlət quruculuğu sanki kağız üzərində qalaraq bəyanat xarakteri daşıyırdı. Elan edilən dövlət müstəqilliyi  itirilmək, ölkə parçalanmaq astanasında idi.

Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə real olaraq hər hansı bir məsələni həll etmək gücündə olmayan hakimiyyət ölkəni ümumi böhrana düşürmüşdü.  Azərbaycan xalqı tarixinin ağır, mürəkkəb və çətin  günlərini yaşayırdı. 

Xalqın və dövlətin taleyi üçün məsuliyyəti öz üzərinə götürmüş hakimiyyət nümayəndələri özlərinin səriştəsizlikləri ucbatından yaratdıqları belə şəraitdə bir-birinin ardınca istefa verərək canlarını qurtarmaq yolunu tutdular. Onlardan bəzilərinin vəzifələrini “dondurmaları”, digərlərinin isə qaçıb gizlənmələri milli dövlətçilik tarixinin utancverici anı olub, gələcəkdə müraciət ediləsi səhifə deyildir.

Ölkəni parçalanmaqdan və dövlət müstəqilliyini itirilməkdən kim xilas edə bilər?

Düşmüş olduğu vəziyyətdən çıxmaqdan ötrü nicat yolu axtaran Azərbaycan xalqı sual edirdi: dövlətinin taleyi necə olacaqdır? Ölkəni ağır şəraitdən kim və necə çıxara bilər? Bu ağır məsuliyyəti öz üzərinə götürə bilən tarixi şəxsiyyət, lider  vardırmı? 

Azərbaycan xalqının nəzərləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevə yönəldi. Heydər Əliyevə olan inamın bir sıra əsaslı səbəbləri var idi.  Birincisi, Heydər Əliyev sovet sisteminin, kommunist ideologiyasının mövcud olduğu 70-ci illərdə respublikanın rəhbəri kimi güclü təşkilatçılıq və idarəçilik bacarığı ilə xalqın başını uca etmiş, onu qabaqcıllar cərgəsinə çıxarmışdı. Xarici ölkə tarixçilərinin yazdığı kimi, Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən işğal edilib ilhaq olunduqdan sonra daim özlərini sındırılmış hesab edən azərbaycanlılar XX əsrdə Bakı küçələrində yalnız iki dəfə başlarını dik tutaraq, özlərinə güvənərək gəzmişdilər. Birinci dəfə  Azərbaycan və Osmanlı hərbçilərindən ibarət yaradılmış Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri 1918-ci il sentyabrın 15-də yadellilərdən azad edildikdən sonra, ikinci dəfə isə 70-ci illərdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə.

İkincisi, Heydər Əliyev dünyanın quru ərazisinin altıda bir hissəsini tutan SSRİ-nin rəhbərlərindən biri olduqdan – 1982-ci ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü seçildikdən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra xarici ölkələrin tarixçilərinin yazdığı kimi, Azərbaycan xalqının başını daim uca etmişdi. 

Üçüncüsü, Moskvadakı sovet və partiya vəzifələrindən çıxdıqdan sonra Heydər Əliyev həyatıın təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək 20 yanvar qırğınını törədənləri ittiham etmiş, ən çətin anda xalqının yanında olmuşdu. Naxçıvanda yaşayarkən hələ SSRİ-nin və kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, ağsaqqal deputat kimi sədrlik etdiyi Naxçıvan MSSR Ali Sovetinin sessiya iclasında Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” ifadələri çıxarılmış, Ali Sovet Ali Məclis adlandırılmış, sovet dövlətinin və kommunist ideologiyasının düşmən saydığı və inkar etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul olunmuş, bu barədə Bakıya təklif edilmiş, bütün təzyiqləri və təhdidləri rədd edərək SSRİ-nin saxlanılmasına dair referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsinə imkan verməmiş, Naxçıvandan sovet hərbi hissələri çıxarılmış və sərhədi Azərbaycan hərbçiləri qorumağa başlamışdı. Naxçıvan müstəqil Azərbaycan dövlətinin təməllərinin rəsmi şəkildə atıldığı ilk yer olmuşdu. Heydər Əliyev Kommunist Partiyasının sıralarından istefa verməklə bu ideologiyanın çökməsinə güclü təsir etmişdi. 

Dördüncüsü, Heydər Əliyev 1990-cı ildən etibarən Milli Məclisdə etdiyi çıxışlarında Azərbaycan xalqının gələcəyinin yalnız müstəqillikdə olduğunu qəti şəkildə bildirmişdi. 

Xalqın dərin inamına görə yalnız  Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqla parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən xilas edə, mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən hərbi təcavüzünü dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Təkidli tələblər qarşısında çarəsiz qalaraq geri çəkilən Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. 

Heydər Əliyev parlamentdə çıxış etdikdən sonra qiyamın baş verdiyi Gəncə şəhərinə təkbaşına, yalnız jurnalistlərlə getdi. Onunla getmək istəyən deputatlara dedi ki, mən tək gedirəm, ya mənə qədər gedərdiniz, ya da məndən sonra gedərsiniz, dövlət nümayəndəsi qorxmamalı, cəsarətli olmalıdır. Gəncədə Heydər Əliyev şəhər əhalisi ilə görüşərək şəraitlə tanış oldu. Bakıya qayıtdıqdan sonra iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi. 

Dünya ölkələrinin dövlətçilik tarixinin təcrübəsi göstərir ki, bəzi görkəmli dövlət xadimləri ikinci dəfə hakimiyyətə qayıdıblar. Partiya mənsubiyyətini dəyişmiş görkəmli siyasi və dövlət xadimi Uinston Çerçill Böyük Britaniya və Şimali İrlandiya Krallığında, Şarl de Qoll Fransada, Süleyman Dəmirəl Türkiyədə seçkilər yolu ilə yenidən hakimiyyətə gəliblər. Lakin Heydər Əliyevin Bakıya gəlişi onlara bənzəmirdi. Bu qayıdış sadəcə parlamentin sədri vəzifəsini tutmaq deyil, Azərbaycan xalqı və dövlətinin xilası, gələcək inkişafını müəyyənləşdirmək üçün olan əzablarla dolu olan ağır böhran şəraitində xilaskarlıq, qurtuluş naminə dönüş idi. 

Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində çoxlu  mürəkkəb vəzifələri yerinə yetirmək dayanırdı: dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq, xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət hakimiyyət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması lazım ikən silahları ələ keçirmiş, ölkədə cinayətkarlıq şəraiti yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanlara sakit və təhlükəsiz yaşayış yaratmaq, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı böhrandan çıxararaq inkişafa aparmaq, mənəvi-psixoloji ruhunu yüksəltmək, dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək bütün sahələrdə uğurlu islahatlar aparmaq, ordu qurmaq və xalqı torpaqları düşmən işğalından qurtarmaq üçün hazırlamaq və s.

Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək  və s. idi. 

Hakimiyyətin qanadları arasında sıx birliyin tələb olunduğu bir zamanda Prezident Əbülfəz Elçibəyin Bakıdan doğulduğu Naxçıvan Muxtar Respublikasının Kələki kəndinə getməsi onsuz da çətin olan şəraiti daha da ağırlaşdırdı. Bu, Azərbaycan dövlətçilik tarixində çox pis an idi. 

Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi. Parlamentin prezident səlahiyyətini verməsi ilə dövlətin və millətin taleyinə dair bütün məsuliyyəti Heydər Əliyev öz üzərinə götürdü.  Bundan sonra hər şey Heydər Əliyevin zəkası və bacarığından asılı idi. Ölkəni, dövləti və xalqı bəlalardan qurtaran Heydər Əliyevin bu fəaliyyəti xilaskarlıq, qurtuluş missiyası daşıdı. Bəs, 15 iyunda Azərbaycan xalqı nədən qurtuldu?

Azərbaycan xalqı nədən qurtuldu?

Heydər Əliyevin parlament sədri, oktyabr ayında isə prezident seçilməsi ilə Azərbaycan xalqı ilk növbədə, dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. 

İkincisi, Azərbaycan xalqı böyük bir tarixi ləkə ola biləcək və kandarında  dayandığı  qardaş qırğınından, vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. 

Üçüncüsü, hakimiyyətə topsuz-tüfəngsiz gələn Heydər Əliyevin yanında dayanan xalq dövlətinin bütövlüyünü qorudu, Azərbaycan Respublikası xaricdən dəstəklənən separatçılıqdan və parçalanmaqdan xilas oldu. 

Dördüncüsü, Azərbaycan xalqı müstəqil dövlətçiliyə, firavan gələcəyə olan inamsızlıqdan, bədbinlikdən və mənəvi-psixoloji böhrandan qurtuldu.

Beşincisi, Azərbaycan  bütün sahələrdə millətin ümumi səviyyəsindən aşağı olan, onun həm iqtisadi, siyasi, təhlükəsizlik, dövlətçilik, həm də mənəvi tələbatına cavab verməyən və nəhayət, müstəqil Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələri yerinə yetirməyə qadir olmayan bacarıqsız hakimiyyətindən xilas oldu.

Altıncısı, Azərbaycan xalqı hakimiyyətə konstitusiyaya zidd yollarla gəlmək, silah və təzyiqlərlə hakimiyyət dəyişikliyinə nail olmaq, eksperimentlər ölkəsinə çevrilmək meyillərindən qurtuldu Qəti şəkildə bəlli oldu ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. 

Xalqın inkişaf yolunu müəyyənləşdirən Heydər Əliyev geniş islahatlar apararaq, güclü ordu və dövlət quraraq  ölkə ərazisini düşmən işğalından azad etməkdən ötrü hazırladı. Bu milli hədəfi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev gerçəkləşdirdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində düşmənin məğlub edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçıların diz çökdürülməsi, separatçılığın kökünün kəsilməsi, dövlət bayrağımızın bütün ölkə ərazisində ucaldılması və dövlət suverenliyimizin tam bərqərar edilməsi ilə millətin tarixində yeni bir mərhələ başladı.  

Zəfərdən ötən qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərini heç bir xarici yardım olmadan dirçəltməklə, məcburi köçkünləri dədə-baba torpaqlarında müasir evlərə və mənzillərə köçürməklə Prezident İlham Əliyev dünyaya bir örnək verir.

Baş verənlərdən hansı ibarət dərsləri almaq olar?

32 ilin zirvəsindən baxdıqda 15 iyuna qədərki və ondan sonrakı tariximizdən ibrət alınası bir çox məsələlər vardır. Birincisi,  demokratiyanı bərqərar etmək üçün ilk növbədə, dövlət olmalıdır. Zəif  dövlət hakimiyyəti və anarxiya olan yerdə demokratik cəmiyyət qurmaq, insanın ali hüququ olan yaşamaq hüququnu təmin etmək mümkün deyildir. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə ziddiyyət təşkil edir. Azərbaycan xalqı xaos, anarxiya xalqı deyildir.

İkincisi,  xalq dövləti idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən, çətin anlarda qaçıb gizlənən şəxslərə etibar etməməli, hakimiyyətə küçədən gəlmək cəhdlərinə  yol verməməlidir. 1991-1993-cü illərin acı təcrübəsi təkrar olunmamalıdır. Azərbaycan xalqı üzərində eksperimentlər aparılmasına imkan verməməlidir.

Üçüncüsü, Dövlət Milləti olan Azərbaycan xalqının inkişafının və qarşısına qoyduğu məqsədlərə çatmasının, tərəqqisinin, rifahının və demokratiyanın təməlində sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır.  Yalnız bu amillərin sayəsində Azərbaycan qarşıya qoyduğu məqsədlərə çatıb, əks  halda geri gedib. 

Dördüncüsü, hakimiyyət ilə xalq arasında sıx birlik, hakimiyyətin qanadları arasında səmərəli əməkdaşlıq daim qorunmalıdır. 

Beşincisi, fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud olması demokratik cəmiyyətlərə xas bir əlamət olduğundan onlar qarşıdurmalara, toqquşmalara  gətirməməli, küçələrdə, meydanlarda zor gücünə həll edilməməli, problemlər masa arxasında çözülməli, ideyaların hansının daha real və çox fayda verəcəyi əsas götürülməlidir. 

Altıncısı, Azərbaycan xalqı və dövləti mövcud olduqca, dövləti  güclü və qüdrətli etmək istəyən, qarşıya çıxan problemləri həll etməyə çalışan  rəhbərlər daim Heydər Əliyevin milli dövlətçilik, dövlət milliyyətçiliyi irsinə müraciət edəcəklər. Beləliklə, əbədiyyən Azərbaycan xalqı və dövləti mövcud olduqca Heydər Əliyevin güclü milli dövlətçiliyə dair ideya-nəzəri irsi də yaşayacaqdır.

Nəhayət, 1993-cü ildə qurtulduğu problemlərə Azərbaycan bir daha düşməməli, təməli Heydər Əliyev tərəfindən qoyulan və milləti qalib, başını uca  edən Haqq, İnam, Ədalət yolu daim  davam etdirilməlidir... 

Musa Qasımlı, 
Milli Məclis Sədrinin müavini

1442305

Seçilən
30
2
modern.az

3Mənbələr