Berlin, 12 iyun, AZƏRTAC
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynadakı vəziyyətlə tanış olmaq və əlavə hərbi yardım imkanlarının müzakirəsi üçün Kiyevə səfər edib.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, nazir səfərdən əvvəl verdiyi açıqlamada Almaniyanın Ukraynaya dəstəyinin davamlı və məqsədyönlü xarakter daşıdığını vurğulayaraq deyib: “Biz Ukraynanın özünü müdafiə edə bilməsi və Rusiyanı ciddi danışıqlara razı salacaq mövqeyə gəlməsi üçün əlimizdən gələni edirik”.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Almaniyanın Ukraynaya ayırdığı 5 milyard avroluq yardımın hansı istiqamətlərə yönəldilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Bu səfər Rusiya-Ukrayna müharibəsinin son günlər gərginləşdiyi dövrə təsadüf edir. ABŞ-ın Ukraynaya dəstəyinin azalması ilə əlaqədar Almaniya və Böyük Britaniya hərbi yardımlarda liderlik edir.
B.Pistorius NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilmiş toplantısında Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və rabitə təhlükəsizliyinin təminatı ilə bağlı yeni təşəbbüslərlə çıxış edib.
Qeyd edək ki, bir neçə gün əvvəl əksəriyyəti solçu sosial-demokratlardan ibarət qrupun yayımladığı manifestdə Ukraynadakı müharibə ilə bağlı ciddi məsələlər əksini tapıb. Həmin sənəddə silahlanmanın azaldılması və diplomatik həll yollarına üstünlük verilməsi, Ukrayna ilə Rusiya arasında yeni danışıqların başlanması, ABŞ-ın Avropada yeni raket sistemlərinin yerləşdirilməsinin dayandırılması tələb edilib. Manifest ölkədə ciddi müzakirələrə səbəb olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin