AZ

TDT-nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin 2-ci iclasına hazırlıq məqsədilə TDT-nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, TDT-nin Baş katibinin müavini Ömər Kocaman gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, daha sonra iclasın Birgə Kommunike sənədinin müddəalarını diqqətə çatdıraraq təkliflərini bildirib.

İclasın moderatoru Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva TDT-nin Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin və ekspertlərin 2-ci iclasının gündəlikləri barədə məlumat verib. O, ötən il İstanbul şəhərində keçirilən 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkəmizdə görülən işlər və həyata keçirilən dövlət ailə siyasətindən danışıb. C.Rəhmətullayeva bu sahədə reallaşdırılan layihə və tədqiqatlar barədə məlumat verərək, onların xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb.

Aparat rəhbəri qeyd edib ki, hazırda komitə tərəfindən bu sahənin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənəd kimi “Ailə Konsepsiyası” hazırlanır.

Çıxışının sonunda C.Rəhmətullayeva komitənin bu sahədə bütün tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Daha sonra ekspertlər 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkələrində görülmüş işlər barədə məlumatları diqqətə çatdıraraq, gündəlikdə duran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.

İclasın sonunda Birgə Kommunike sənədinə ekspertlər tərəfindən verilən təkliflər müzakirə edilərək, yekun sənəd razılaşdırılıb.

Seçilən
15
2
azertag.az

3Mənbələr