AZ

Qazaxıstan və Slovakiya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan birgə istifadə imkanlarını müzakirə ediblər

Astana, 11 iyun, AZƏRTAC

Slovakiyanın Baş naziri Robert Fitso ilə keçirilmiş hərtərəfli danışıqlar zamanı Qazaxıstan–Slovakiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub və konkret razılaşmalar əldə edilib.

AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Slovakiya Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Qazaxıstan Slovakiyaya neft, qaz, uran, qida məhsulları və digər malları ixrac etməyə hazırdır.

“Biz energetika, maşınqayırma, kənd təsərrüfatı, rəqəmsallaşma və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar görürük. Hərbi-texniki sahədə əməkdaşlıq üçün də ciddi potensial mövcuddur”, – deyə Prezident qeyd edib.

Bundan əlavə, danışıqlar zamanı tərəflər strateji əhəmiyyətli ticarət marşrutlarından biri olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə istifadəsi imkanlarını müzakirə ediblər.

“Slovakiyalı tərəfdaşlarımızı bu layihədə iştirak etməyə dəvət etdim. Bu dəhliz ikitərəfli ticarət üçün yeni imkanlar aça bilər”, – deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
23
azertag.az

1Mənbələr