Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Həqiqət İsmayılova müəllimə imiş.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
“İyunun 11-i saat 10:30-da Bakı-Qazax-Gürcüstan magistralının 392-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Həqiqət İsmayılova Şəmkir rayonu Şahin Əmirov adına Dəllər Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəlliməsi, Şəbnəm Hüseynova isə həmin məktəbin rus dili müəlliməsi idi”, – deyə məlumatda bildirilir.
Şəmkirdə baş verən avtomobil qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 11-də saat 10:30-da yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (biri qadın cinsli, biri kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
“2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı və aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya (kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib. Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində həyatını itirən 1994-cü il təvəllüdlü Həqiqət Şahin qızı İsmayılova, xəsarət alanlar – 2021-ci il təvəllüdlü Əli Cavanşir oğlu və sürücü 2001-ci il təvəllüdlü Şəbnəm Firudin qızı Hüseynovadır.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb sürücünün telefona başının qarışması olub. Yola nəzarəti itirən sürücü gəldiyi sürətlə yoldakı beton arakəsməyə çırpılıb.
Bu gün səhər saatlarında Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının 392-ci kilometrliyində qeydə alınıb.
“Hadisə 20-DN-468 dövlət nömrə nişanlı “Great Wall Haval” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində baş verib. Şəbnəm Firudin qızı Hüseynovanın idarə etdiyi avtomobildə üç nəfər olub. Onlardan bir nəfər hadisə yerində həyatını itirib, bir azyaşlı isə xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.