AZ

II və III ixtisas qrupları üzrə nəticələr elan edildi

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Yenisabah.az xəbər verir ki, abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 54246 abituriyentdən (II qrup üzrə 25960 nəfər, III qrup üzrə 28286 nəfər) 2018 nəfər (II qrup üzrə 1296 nəfər, III qrup üzrə 722 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu İsmayılzadə Xədicə Xaliq qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər - Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Ruslan oğlu göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.


Telegram kanalımız
Seçilən
22
39
yenisabah.az

4Mənbələr