Bakı, 11 iyun, AZƏRTAC
Maraqlı oyun oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Qəbələ şəhər stadionunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan (1:1) sonra deyib.
O, matça yaxşı hazırlaşdıqlarını və rəqibi düzgün təhlil etdiklərini bildirib: “Qol imkanlarımız olsa da, yararlana bilmədik. Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq. Həm Qazaxıstan, həm də Gürcüstanla matçda yaxşı mübarizə apardıq. Komandamızın böyük potensialı var. Göstərdikləri xarakterə görə uşaqları təbrik etdim. Onların inkişafı üçün daha çox toplanışlar olmalıdır. Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram. Müəyyən zaman lazımdır”.
Qeyd edək ki, U-17 millimiz toplanış çərçivəsində Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Gürcüstan seçməsi ilə 1:1 hesablı heç-heçə edib.