Amerikalı internet sahibkarı Reid Hoffman peşəkar sosial şəbəkə olan “LinkedIn” platformasının qurucularından biridir. Sahibkarlıq yönü ilə də tanınan Hoffman eyni zamanda “New York Times”ın ən çox satılanlar siyahısına düşən iki kitabın müəllifidir. Bu gün geniş şəkildə tanınan və uğurlu iş adamı kimi qəbul olunan Hoffman bir neçə il əvvəl “SocialNet” adlı sosial şəbəkə layihəsi üzərində çalışırdı. Daha sonra layihədən imtina etsə də, bu qısa və uğursuz təcrübə ona dünyanın ən uğurlu sahibkarlarından biri olmaq yolunda böyük dərslər verdi.
Uşaqlıqdan yenilikçi düşüncə tərzi və tez öyrənmə bacarığı ilə seçilən Hoffman təhsil aldığı müddətdə işləməyə də başlamışdı. Parlaq bir tələbə olan Hoffman Stanford Universitetində oxuduğu zaman qazandığı Marshall təqaüdü sayəsində təhsilini Oksford Universitetində davam etdirə bildi. Başlanğıcda intellektual bir həyat arzusunda olan Hoffman, daha sonra bu fikirdən uzaqlaşaraq sahibkarlığa yönəldi. “Apple” və “PayPal” kimi şirkətlərdə qazandığı təcrübədən sonra 2002-ci ildə qurucularından biri olduğu “LinkedIn” saytı ilə zirvəyə çatdı.
Valyuta.az “LinkedIn”in yaradıcısının həyatı haqqında məlumatları təqdim edir:
Reid Hoffmanın uşaqlıq və gənclik illəri
5 avqust 1967-ci ildə ABŞ-ın Kaliforniya ştatının Palo Alto şəhərində dünyaya gələn Reid Garrett Hoffman vəkil olan Deanna və Vilyam Hoffman ailəsinin yeganə övladıdır. O, Vermont ştatında yerləşən və şagirdlərin müxtəlif fəaliyyətlərdə iştirak etdiyi Putney məktəbində oxuyub. Daha sonra Stanford Universitetinə qəbul olur və 1990-cı ildə Simvolik Sistemlər və Kognitiv Elmlər üzrə təhsilini başa vurur. ABŞ-ın nüfuzlu Marshall təqaüdünü qazandı və bu sayədə 1993-cü ildə Oksford Universitetində fəlsəfə üzrə təhsil alır. Oksford illərində akademik karyera planlaşdırsa da, daha sonra sahibkarlığın onun üçün daha uyğun yol olduğunu anlayır.
Karyerası
Oksford Universitetindən məzun olduqdan sonra 1994-cü ildə “Apple” şirkətində işə başlayır. Burada işlədiyi ilk layihə “eWorld” – sosial şəbəkələrin ilk nümunələrindən biri hesab olunur. “Apple”da müxtəlif strateji layihələrdə də iştirak edib. Daha sonra “Fujitsu”da işləyir və bu müddətdə öz şirkətini qurmaq barədə düşünməyə başlayır. 1997-ci ildə “SocialNet.com” adlı tanışlıq saytının qurucularından biri olur. Lakin idarəetmə təcrübəsi az olduğu üçün 1999-cu ildə layihədən uzaqlaşır. “SocialNet”də işlədiyi dövrdə, 2000-ci ildə “PayPal” şirkətinə menecer kimi daxil olur. Burada ödəniş sistemləri, hüquq və tənzimləmə məsələləri, işin inkişafı və müştəri əlaqələri sahələrinə cavabdeh idi. Çox keçmədən şirkətin Baş Direktor müavini olur.
2002-ci ildə dostları və keçmiş iş yoldaşları ilə birlikdə “LinkedIn2 saytını yaradır. Bu, peşəkar sosial media sahəsində ilk nümunə idi. Sayt istifadəçilərə peşəkar profil yaratmaq və başqaları ilə əlaqə qurmaq imkanı verdi və tez bir zamanda populyarlıq qazanır. İlk dörd ildə “LinkedIn”in qurucu rəhbəri kimi fəaliyyət göstərdi. 2009-cu ildən isə İdarə Heyətinin sədri olur.
Sahibkarlıq və yazıçılıq
Uğurlu investor və milyarder olan Hoffman 2010-cu ildə “Greylock Partners” investisiya şirkətinə qatılır və 20 milyon dollar dəyərində fond yaradır. Onun diqqət mərkəzində istehlakçı xidmətləri, korporativ proqramlar, onlayn ticarət platformaları, ödəniş sistemləri və sosial şəbəkələr dayanır.
Eyni zamanda fəal yazıçıdır. “LinkedIn” və “Washington Post” üçün yazılar yazmış, 2012-ci ildə Ben Casnocha ilə birlikdə karyera kitabı yazıb. Bu kitab “New York Times” və “Wall Street Journal”ın bestseller siyahısına düşüb. 2014-cü ildə isə Casnocha və Kris Yeh ilə birlikdə yazdığı “The Alliance” adlı kitab da bestseller olub.
Yardım və sosial layihələr
2006-2007-ci illərdə Hoffman Kaliforniya Universiteti Jurnalistika Məktəbi və Harvard Universiteti İnternet və Cəmiyyət Mərkəzinin birgə layihəsi olan Sosial Media Mərkəzində müşavir kimi çalışıb. Eyni zamanda sahibkarlara dəstək məqsədi daşıyan Kiva.org üçün məsləhətçi olub və 1 milyon dollar borc verib.
Uğurları və mükafatları
2012-ci ildə Texnologiya sahəsində David Packard medalına layiq görülüb. 2014-cü ildə isə MDB ölkələri tərəfindən xüsusi mükafat alıb. Uğurlu sahibkarlıq və cəmiyyətə verdiyi töhfələrə görə UğurAkademiyası tərəfindən təltif olunub.
Gənc sahibkarlara tövsiyələri
Qısa və konkret olun - İnsanlar mənə iş və şəxsi həyat arasında necə balans yaratdığımı soruşanda gülümsəyirəm. Vaxtımı səmərəli istifadə etməyə çalışıram. Görüşləri qısa fasilələrlə planlayıram. Eyni zamanda insanlara qısa və konkret e-poçtların soyuq deyil, funksional olduğunu anlatmağa çalışıram.
Hədəfinizi dəyişməyə hazır olun - Sahibkarlar çox vaxt ideyalarına kor-koranə bağlanır. Mən isə bunun əksini tövsiyə edirəm. Öz iş planlarını obyektiv şəkildə təhlil edib, ciddi səhvlər olub-olmadığını qiymətləndirməli, lazım gəlsə işi tamamilə dəyişməlidirlər. Əgər uğursuzluq varsa, bunu tez yaşamaq daha yaxşıdır.
Mükəmməllik xəstəsi olmayın - Əgər məhsulunuzun ilk versiyasında sizi utanmağa vadar edəcək heç bir problem yoxdursa, onu bazara çıxarmaq üçün artıq gecikmisiniz. Erkən bazara çıxmaq vacibdir. Bu yolla istifadəçilərlə əlaqə qurub onlardan öyrənmək mümkündür.
Reid Hoffman həyatının dönüş nöqtələrini belə xatırlayır:
“Atam kompüterin vacib olmadığını düşündüyü üçün mənə kompüter almadı. İlk kompüterimi yalnız universitetdə oxuyarkən ala bildim. İndi isə atam deyir ki, indiki ağılı olsaydı, mənə daha tez kompüter alardı. Mən isə həmişə insanların sosial, iqtisadi və ya təhsil həyatlarını necə yaxşılaşdırmaq olar deyə düşünmüşəm. Stanfordda oxuyarkən bunu akademik kimi həyata keçirmək istədim. Lakin sonradan anladım ki, bu doğru yol deyil. Çünki bir akademik olaraq məqalə yazsanız belə, onu oxuyanların sayı 50 nəfəri keçmir. Bu səbəbdən insanlara çatmaq üçün yeni yollar axtardım. Oksfordda fəlsəfə təhsili aldığım dövrdə insanların həyatını dəyişdirməyin ən yaxşı yolunun proqram təminatı ilə sahibkarlıq etmək olduğuna qərar verdim. Daha sonra Silikon Vadisinə qayıtdım və əvvəlcə “Apple” sonra isə “Fujitsu”da çalışdım”.
“Növbəti addımım “SocialNet” adlı sosial şəbəkəni qurmaq oldu. Sayt fəaliyyətə başladıqdan sonra iş və məqsəd məni qane etmədi. “PayPal”ın qurucularından və Stanforddan dostum olan Peter Tayl ilə bu barədə danışdım. O da mənə “PayPal”da işləməyi tövsiyə etdi”.
“PayPal” satılmazdan əvvəl orada işləyərkən iki əsas gücün birləşdiyini gördüm:
Dünyada iş həyatının dəyişməsi və hər bir fərdin müəyyən mənada sahibkar olması.
İnternetin insanlara özlərini təqdim etmə və başqaları ilə əlaqə qurmaq imkanı verməsi.
“LinkedIn”i məhz bu səbəbdən yaratdım. Çünki insanların işini dəyişməsi həyatda böyük bir dönüş nöqtəsidir. 2003-cü ildə Sequoia Capital şirkətindən dəstək aldıq və daha çox insanın bu xidmətdən istifadə etməsini təmin etdik. O nöqtədən sonra hər kəs saytın dəyərini anladı və mən də bu işin uğurlu olacağına inandım”.
Günay