BAKI, TurkicWorld
ABŞ və Çin nümayəndələri arasında Böyük Britaniyanın paytaxtı Londonda keçirilən ticarət danışıqları başa çatıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, danışıqlara iyunun 9-da start verilib və Çin tərəfini baş nazir müavini He Lifen təmsil edib. ABŞ nümayəndə heyətinə isə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir daxil olub.
Qeyd edək ki, Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11 may tarixlərində Cenevrədə keçirilmiş danışıqlar nəticəsində qurulmuşdu. Həmin görüşdə Pekin və Vaşinqton qarşılıqlı rüsumların qismən azaldılması barədə razılığa gəlmişdilər. Həmin vaxt qarşılıqlı rüsumların həcmi 100 faizi ötmüşdü.
Xatırladaq ki, iyunun 5-də Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Onlar mümkün qədər tez yeni ticarət-iqtisadi danışıqların keçirilməsi barədə razılığa gəliblər.