Futbol üzrə Azərbaycan millisi bu gün Mərdəkandakı “Dalğa Arena”da Macarıstan yığması ilə yoxlama oyununda üz-üzə gəlib.
Arena.az xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi millimizin qələbə həsrəti yenə davam edib.
Belə ki, Fernando Santosun gəlişindən sonra keçirdiyi 9 oyunun 7-də məğlub olmuş, cəmi 2 görüşdə heç-heçə etmiş millimiz portuqal mütəxəssislə ilk qələbəsini qazanmaq arzusundaydı. Bir nömrəli komandamız sonuncu dəfə 2024-cü ilin iyun ayının 11-də Sombatxeydə yoxlama oyununda üz-üzə gəldiyi Qazaxıstanla oyunda qələbə sevinci yaşamışdı – 3:2.
Macarıstan yığması da Azərbaycan millisi üçün kifayət qədər tanış və düşərli olmayan bir rəqib idi. Komandamız daha öncə bu rəqiblə 7 dəfə qarşılaşmışdı. Təəssüf ki, millimiz bu görüşlərin hər birindən məğlubiyyətlə ayrılmışdı.
Elə üç qolun qeydə alındığı bu görüşdə də macarlar qələbə qazanıblar. Azərbaycan millisi isə Fernando Santosun rəhbərliyi altında heç cür istənilən oyunu və nəticəni göstərə bilmir.
Yoxlama oyunu
10 iyun
20:00. Azərbaycan – Macarıstan
Hakimlər: Viktor Şimusik, Sergey Kasavets, Anton Qusev (hamısı Belarus).
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan).
Mərdəkan. “Dalğa Arena”.
Azərbaycan: 1. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə, 18. Cəlal Hüseynov (19. Nəriman Axundzadə, 55), 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev (17. Toral Bayramov, 55), 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev (6. Səbuhi Abdullazadə, 69), 8. Emin Mahmudov (k), 20. İsmayıl İbrahimli (24. Rauf Rüstəmli, 85), 9. Renat Dadaşov (22. Musa Qurbanlı, 69), 10. Mahir Emreli (11. Xəyal Əliyev, 69).
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Aydın Bayramov, 2. Zamiq Əliyev, 15. Şahin Şəhniyarov, 16. Ceyhun Nuriyev, 21. Mert Çelik.
Baş məşqçi: Fernando Santos.
Macarıstan: 12. Balaj Tot (22. Peter Sappanoş, 58), 6. Villi Orban, 7. Loik Neqo (17. Kallum Staylz, 72), 15. Marton Dardai, 14. Bendequz Bolla (2. Attila Osvat, 58), 18. Jolt Naqi, 13. Andras Şefer (25. Aron Çonqvai, 85), 21. Aleks Tot (24. Bense Dardai, 58), 20. Roland Sallai (23. Kevin Çobot, 46), 10. Dominik Soboslai, 19. Barnabas Varqa.
Ehtiyat oyunçular: 1. Deneş Dibuş, 3. Botond Baloq, 4. Attila Moçi, 5. Qabor Salai, 8. Tamaş Nikitşer, 26. Milan Vitaliş.
Baş məşqçi: Marko Rossi.