"Football-plus.az" AFFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, 2022-ci ildən Sankt-Petyerburq təmsilçiksinin formasını geyən 23 yaşlı müdafiəçi komandanın xarakter göstərdiyini bildirib. O, komanda yoldaşlarının və məşqçilərin əməyini qabardıb:
"Rusiyada artıq ikinci dəfədi Superkubokun qalibi oluruq. Buna görə çox sevincliyik. “Lokomotiv”lə Superkubok matçına əvvəlki oyunlarda olduğu qaydada ciddi hazırlaşmışdıq. Bu uğurda qızların və məşqçilərin çox böyük əməkləri var. Komanda olaraq xarakter göstərərək qələbə qazandıq. Mənim üçün ən yaddaqalan məqam komanda şəklində xarakter göstərməyimiz oldu. Birinci hissə qolsuz bərabərliklə yekunlaşdı. Ancaq ikinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, əzmkar oyun sərgilədik və qalib gəldik".
O, gələcək planlarından da danışıb:
"Zenit”də üçüncü mövsümümü keçirirəm. Futbola böyük sevgim var. Uğurlu çıxışımı da buna borcluyam. Fikrimcə, bir işi sevərək edirsənsə, mütləq uğur qazanacaqsan. İşimi çox sevirəm, məşqlərə ciddi yanaşıram. Bu da uğur əldə etməyimə kömək olur. Həm millidə, həm də “Zenit”də bunun davamlı olması üçün hər şey edəcəyəm. Əlbəttə ki, daha böyük liqalarda çıxış etmək əla olar. Avropanın aparıcı futbol ölkələrində oynayan Azərbaycanın ilk qadın futbolçusu olmaq istəyərəm. Bəzi klublardan təkliflər almışam. Həmçinin “Zenit” də yeni müqavilə təklif edib. Lakin hələlik düşünürəm. Avropanın güclü klublarından dəvət gəlsə, mütləq dəyərləndirəcəyəm".
Nigar Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı fikirlərini də bölüşüb:
"Azərbaycanda qadın futbolu yeni inkişaf etməyə başlayıb. Artıq müəyyən uğurlar qazanırıq. Ölkəmiz, bayrağımız üçün vuruşuruq. Gələnilki Millətlər Liqasında mütləq uğurlu cıxış edəcəyik. Qrupa hansı komandalar düşəcəksə, mütləq ciddi hazırlaşıb, qalib olmağa çalışacağıq. Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq. Komandamıza güvənirəm, bunu bacaracağıq".
Qeyd edək ki, Sankt-Peterburq klubu həlledici oyunda Moskva “Lokomotiv”ini 3:0 hesabı ilə məğlub edərək Rusiya Superkubokunun qalibi olub.