Əvvəllər məhkum olunmuş şəxslər azadlığa çıxdıqdan sonra iş tapmaqda çətinlik çəkirlər. Müəyyən sahələr var ki, məhkumluğu olan və ödənilməyən şəxslər həmin yerlərdə işləyə bilməz. Bu sahələr hansıdır? Hüquqşünas Fariz Namazlı Metbuat.az-a açıqlamasında bildirib ki, məhkumluğu ödənilməmiş və ya götürülməyən şəxslər dövlət qulluğu, bələdiyyə qulluğunda işləyə bilməz: “Ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər, həmçinin uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər vəkil ola bilməz”. F.Namazlı qeyd edib ki, bəzən məhkəmə hökm çıxararkən şəxsin müəyyən müddətə vəzifə tutmaq hüququndan məhrum etməklə əlavə cəza təyin edir: “Bu halda həmin şəxs hökmdə göstərilən müddətdə göstərilən fəaliyyətlə məşğul ola bilmir. Lakin həmin şəxslərin məhkumluğu ödənildikdən sonra qeyd edilən sahələrdə işləyə bilərlər”. Sevinc İbrahimzadə / Metbuat.az