Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının Çexiya – İngiltərə oyununu idarə edəcək.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Elçin Məsiyevin Slovakiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında idarə edəcəyi ilk oyun bəlli olub. Azərbaycanlı ədalət təmsilçisi B qrupu çərçivəsində baş tutacaq Çexiya – İngiltərə matçında baş hakim olacaq. 33 yaşlı referiyə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. İtaliyalı Simone Sossa dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR-da alman Sören Storks, AVAR-da italyan Daniele Çiffi əyləşəcəklər. Hakim-inspektor sloveniyalı Darko Çeferin olacaq.
Qeyd edək ki, Çexiya – İngiltərə oyunu iyunun 12-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.