AZ

"İslamda yas mərasimi yoxdur, Peyğəmbər qadağan edib" - Filosofdan açıqlama

Xəbər verdiyimiz kimi, Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Qeyd edilib ki, yasda təkcə çay süfrəsinə icazə verilir. Əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir.Bəs bu addım ölkə üzrə ümumiləşdirilə bilərmi? Yas mərasimlərində yemək verilməsi tamamilə qadağan edilməlidirmi, yoxsa bu adətin daha sadə və mənəvi formada keçirilməsi daha məqsədəuyğundur? Ümumiyyətlə, yas mərasimlərində verilən ehsan İslam dinində hansı mənanı daşıyır?
Məsələ ilə bağlı Moderator.az-a  Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bildirib ki, Samuxda bölgə ağsaqqalları tərəfindən ilk üç günün ehsan süfrəsinin sadələşdirilməsinə dair qəbul olunan qərar onunla əsaslandırılır ki, vəfat etmiş şəxsin ailəsi maddi cəhətdən problemlərlə üzləşməsin və əsas diqqətini dəfn işlərinə, daha sonra isə başsağlıqlarının qəbuluna yönəltsin.
Onun sözlərinə görə, bu halın ölkə üzrə ümumiləşməsi bir qədər çətin görünür:
“Çünki yas ənənəsi kifayət qədər İslamın qoyduğu qaydalardan uzaqlaşmış vəziyyətdədir. İslam şəriətində ilk üç gün ərzində ölən şəxsə ehsan vermək  mövcud deyil. Bu, sonradan meydana çıxan, əsassız bir adətdir. Peyğəmbərimizin dövründə də belə bir hal olmayıb. Əksinə, peyğəmbərimiz vəfat etmiş şəxsin ailəsinin qonşularına tövsiyə edib ki, uzaqdan gələn qohumlar üçün yemək bişirib aparsınlar ki, onlar ac qalmasınlar. Amma hər kəsin yığılıb ora getməsi və onlar üçün ehsan süfrəsinin açılması olmayıb və peyğəmbər də bunu qadağan etmişdir.
İlk üç gündən sonra, yəni artıq dəfn baş verdikdən və vəfat etmiş şəxsin ailəsi həmin şəxsin vəfatının yaratdığı sarsıntıdan bir qədər özünə gəldikdən sonra istənilən gün ərzində ölü adına ehsan verilə bilər. Bu, kasıblar üçün təşkil olunan ehsan süfrəsi, yaxud rəhmətə gedənin adına görülən hər hansı bir xeyirxah iş ola bilər — məsələn, yol çəkilməsi, məscid və ya bulağın tikilməsi, kasıb insanlara ərzaq yardımı göstərilməsi. Həmçinin, qocalar evinə və ya uşaq evinə ərzaq yardımı da aparıla bilər. Bu qaydada vəfat etmiş şəxsin adına hansısa yaxşı işi görə bilərik. Əlbəttə ki, əgər vəfat etmiş şəxsin adına savabın getməsini istəyiriksə, niyyətimiz yaxşılıq etmək olmalıdır. Əgər bu cür süfrələr üç gündən sonra təşkil ediləcəksə, onda xüsusən kasıbların ora dəvət olunmasına diqqət yetirmək lazımdır”.
 
Mehin Mehmanqızı
 
Seçilən
306
5
moderator.az

10Mənbələr