BAKI. 10 iyun. TELEQRAF
UEFA Millətlər Liqasının finalında Portuqaliya ilə oyunun penaltilər seriyasında fərqlənə bilməyən İspaniya yığmasının futbolçusu Alvaro Morato ölüm təhdidləri alıb.
Teleqraf-ın məlumatına görə, bu barədə Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən 32 yaşlı hücumçunun özü açıqlama verib.
Təcrübəli forvard deyib: "Bu, mənim üçün yeni olmasa da, xoşagəlməz haldır. Çox danışmaq istəmirəm. Hər halda məni başa düşərsiniz".
Moratanın həyat yoldaşı Alisa Kampello da hədələrlə üzləşib. O, mesajlardan birini göstərib: "Küçədə görsəm, ərini öldürəcəyəm".
Kampello mesaja belə şərh verib: "İnsanlar ağıllarını itiriblər".
Qeyd edək ki, əsas vaxtı 2:2 hesabı ilə bitən final matçının əlavə vaxt bölümündə qol vurulmayıb. Penaltilər seriyasında İspaniya yığmasından yalnız Alvaro Morata dəqiq olmayıb. Portuqaliya isə bütün penaltiləri dəqiq yerinə yetirərək, 5:3 hesablı qələbə qazanıb və tarixində ikinci dəfə Millətlər Liqasının qalibi olub.