AZ

Angelos Postekoqlu “Tottenhem”dən qovuldu

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem” baş məşqçisi Angelos Postekoqlu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klub rəhbərliyi komandanın geridə qalmış mövsümdəki çıxışını ətraflı analiz etdikdən sonra Postekoqlu ilə müqaviləyə xitam vermək qərarına gəlib. London təmsilçisi ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Angelos Postekoqlu 2023-cü ilin iyul ayından “Tottenhem”ə rəhbərlik edirdi. 59 yaşlı mütəxəssis paytaxt təmsilçisini bütövlükdə 101 oyuna çıxarıb. Londonlular bu görüşlərdə 47 qələbə, 14 heç-heçə və 40 məğlubiyyət görüblər.

“Tottenhem” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümündə bərbad çıxışı ilə diqqət çəkib. Komanda cəmi 38 xal toplamaqla 20 iştirakçı arasında 17-ci yeri tutub. London təmsilçisi 38 oyunda 11 qələbə, 5 heç-heçə və 22 məğlubiyyət görüb.

Çempionatdakı bu uğursuzluğa baxmayaraq, “Tottenhem” geridə qalmış mövsümdə Avropa Liqasında uğur qazanmağı bacarıb. Finalda İngiltərənin digər təmsilçisi “Mançester Yunayted”i 1:0 hesabıyla yenmiş londonlular tarixlərində ilk dəfə Avroliqanı qazanıblar. Amma bu uğur da Postekoqlunu xilas edə bilməyib.

Sonda onu da xatırladaq ki, Angelos Postekoqlu əvvəllər Avstraliyanın U-17, U-20 millilərinə, həmçinin əsas yığmaya rəhbərlik edib. Yunan əsilli məşqçi “Cənubi Melburn”, “Panaxaiki”, “Bransuik Yuventus”, “Brisben Roar”, “Yokohama”, “Melburn Viktori” kimi klublarda da çalışıb.

Seçilən
48
19
arena.az

10Mənbələr