"Kreml diktatoru Trampı Ukrayna hücumlarına cavab verməyə inandırmağa çalışır..."
Putin Trampa Ukrayna tərəfindən Rusiya hava limanlarına edilən hücumlardan şikayətlənib. O, bu cür taktikalardan istifadə edərək vəziyyəti Rusiyanın xeyrinə dəyişməyə çalışır.
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri yazıb.
Nəşr yazır ki, ABŞ prezidenti Donald Trampın Ukraynaya qarşı genişmiqyaslı hücumlardan sonra Vladimir Putini "dəli" adlandırmasından cəmi on gün keçib. Lakin indi hücumlar əks istiqamətdə baş verir və Rusiya prezidenti bu fürsətdən istifadə edərək Vaşinqtonun rəğbətini qaytarmağa çalışır.
Kreml bildirir ki, Putin və Tramp arasında söhbət əsasən "Ukraynanın Rusiya mülki əhalisinə hücumları" ətrafında cərəyan edib. Bundan əvvəl isə Rusiya diktatoru Ukrayna rəhbərliyini "terrorçu təşkilat" adlandıraraq ölkəsinə qarşı hücumları şərh edib.
Nəşr qeyd edir: "Söhbət şənbə günü Bryansk vilayətindəki avtomagistral körpüdə baş verən partlayışdan gedir. Hadisə nəticəsində yeddi nəfər ölüb, onlarla insan yaralanıb. Partlayış sərnişin qatarının bir hissəsinin dağılması ilə nəticələnib". Bu hücuma görə məsuliyyəti heç bir tərəf üzərinə götürməyib, lakin Rusiya Ukraynanı ittiham edir.
Putin isə bildirib: "Hazırkı Kiyev rejiminin heç bir şəkildə sülhə ehtiyacı yoxdur. Danışacaq nəyimiz var? Biz terrora bel bağlayanlarla necə danışıqlar apara bilərik?". Nəşr vurğulayır ki, bu sözlər son üç ildə Ukraynanın Rusiya barədə dediklərinə bənzəyir. Amma indi Kreml tamamilə "qurban" mövqeyinə keçib.
"Sky News"un Rusiyadakı müxbiri Ayvor Bennetin sözlərinə görə, bu taktikanın məqsədi hadisələri Rusiyanın xeyrinə dəyişmək, özünü qurban kimi göstərmək və Trampı Rusiyanın uzaqmənzilli bombardmançılarına edilən pilotsuz təyyarə hücumlarına cavab haqqına inandırmaqdır. "Bu taktika, ola bilər ki, işə yarayıb", - Bennet qeyd edir.
Telefon danışığından sonra Tramp sosial şəbəkələrdə yazıb: "Prezident Putin çox sərt şəkildə bildirib ki, hava limanlarına edilən son hücumlara cavab verməyə məcbur olacaq". "Sky News"müxbiri əlavə edir: "Trampın Putini cavab verməkdən çəkindirməyə çalışıb-çalışmadığı məlum deyil, amma görünən odur ki, o, buna cəhd etməyib".
"Böyük ehtimalla, elə Tramp özü Rusiyanın cavabını elan edib. Hərçənd Putin Trampla pilotsuz aparat hücumlarını müzakirə edib, o, dörd gündür bu barədə ictimaiyyətə heç bir açıqlama verməyib. Rusiya qurban kimi görünmək istəyir, lakin zəif görünmək istəmir. Buna görə də bu cür narahatedici hadisələr qəzetlərin başlıqlarına çıxmır", - nəşr yazıb.
Trampın Rusiya hava limanlarına və Krım körpüsünə hücumlara reaksiyası
Hərbi ekspert Pavel Narojnı bu yaxınlarda Trampın Ukraynanın Rusiya hava limanlarına və Krım körpüsünə zərbələri barədə niyə susduğunu izah edib. Onun fikrincə, bu hücumlar Ukraynanın müttəfiqlərlə koordinasiya olmadan düşmənin dərin arxa cəbhəsinə güclü zərbələr endirmək qabiliyyətini sübut edib. Buna görə də ABŞ prezidenti hələlik bu barədə rəy bildirmir.
Eyni zamanda Ağ Evin mətbuat katibi Kerolayn Livitt Trampın Ukrayna Təhlükəsizlik Xidmətinin "Hörümçək Toru' əməliyyatına münasibət bildirib-bildirmədiyinə cavab verib. O, qeyd edib ki, bu mövzuya prezidentin özü münasibət bildirməlidir.
"Və əlavə edim: prezident bu müharibənin uzanmasını istəmir. O, döyüşlərin dayandırılmasını, insanların ölməməsini və münaqişənin danışıqlar masası arxasında həll olunmasını istəyir. O, bu məsələyə bu qədər dərindən qarışır və vaxt sərf edir, çünki insanların həlak olmasına biganə qala bilmir", - Livitt deyib.