Neft hasilatını sutkada 2,2 milyon barellə məhdudlaşdıran səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) həftə sonu iyul ayında neft hasilatını gündəlik 411 min barel artırmaq qərarına gəlib. Bu qərar dünya neft bazarına necə təsir göstərə bilər? Hasilatın artırılması fonunda neftin qiymətinin daha da aşağı düşəcəyi ehtimal olunur. Bu halda Azərbaycan kimi neft ixracatçısı ölkələr hansı risklərlə üzləşə bilər? Azərbaycan neftinin qiyməti də son 2 ayda 66-67 dollar səviyyəsində qalıb. Halbuki 2025-ci ilin dövlət büdcəsində neftin qiyməti 70 dollar götürülüb. Bəs fərq büdcəyə və maliyyə sabitliyinə necə təsir edə bilər?
Moderator.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, iyul ayında neft hasilatının gündəlik 411 min barel artırılması qərarı OPEC+ ölkələrinin hamısına şamil olunmur.
Onun sözlərinə görə, OPEC+ daxilində 23 ölkə var və yalnız səkkizi hasilatı artıracaq. Bu isə həmin ölkələrin əvvəlki dövrlərdə hasilatın azaldılmasında daha böyük paya malik olması ilə əlaqədardır:
"Ümumilikdə OPEC-in qərarı ondan ibarətdir ki, 2026-cı ilin son rübünə qədər hasilat mövcud səviyyədə saxlanılacaq. Bu addım bazarda sabitliyin qorunması məqsədilə atılıb.
Hazırda Brent markalı neftin qiyməti 64 dolları keçib. May ayından bu günə qədər neftin qiyməti yalnız iki dəfə 60 dolların altına düşüb. Ümumiyyətlə isə qiymət 63–65 dollar arasında dəyişir ki, bu da hasilatçı və istehlakçı ölkələr üçün normal səviyyə hesab olunur.
İlin əvvəlində neftin qiyməti 80 dollar ətrafında idi. Sonradan bu göstərici təxminən 20 dollar aşağı düşüb. Bunun əsas səbəbləri kimi dünya üzrə iqtisadi artım tempinin zəif olması və siyasi risklərin əvvəlki qədər yüksək qiymətləndirilməməsi göstərilir. İlham Şabanın fikrincə, artıq ABŞ-ın İranla müharibəyə başlayacağı, yaxud Çinlə ticarət savaşının daha kəskin mərhələyə keçəcəyi ehtimalları reallaşmır. Rusiya-Ukrayna müharibəsi isə mövqe döyüşləri şəklində davam edir. Nə Ukrayna, nə də Rusiya əhəmiyyətli irəliləyiş əldə edə bilir. Gündəlik dron və raket hücumlarına baxmayaraq, ölənlərin sayı çox vaxt az olur və bu cür xəbərlərə bazar artıq alışıb.
Məhz bu səbəbdən risk dərəcəsi aşağı düşüb və hazırkı tələbat fonunda neftin 60–65 dollar arasında ticarət olunması, bu səviyyənin bir aydan çox müddətdə sabit qalması onu göstərir ki, bazar bu qiymətə uyğunlaşmışdır”.
İ. Şaban əlavə edib ki, Azərbaycanda neft qiymətlərindəki dəyişkənliyə baxmayaraq, hökumət tərəfindən həyəcan doğuran heç bir bəyanat verilmir. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi və Dövlət Vergi Xidmətinin məlumatları da göstərir ki, hazırda dövlət büdcəsində defisit müşahidə olunmur. Halbuki bu il üçün büdcədə üç milyard manatdan çox kəsir proqnozlaşdırılmışdı. Qeyri-neft sektorundan toplanan gəlirlərin artması da bu mənzərəni yaxşılaşdıran amillərdəndir.
“Büdcə planlamasında neftin bir barelinin qiyməti 70 dollar götürülüb. Hazırda bu qiymətdən aşağı olsa da, ilin birinci yarısı üçün ciddi təhlükə yoxdur. İkinci yarıda risklər yaransa belə, atılacaq addımları hökumət özü müəyyənləşdirəcək. Azərbaycan üçün, dövlət büdcəsi üçün narahatlıq doğuracaq bir vəziyyət yoxdur. Bu, situativ bir məsələdir. Birinci rübdə Azərbaycan neftinin orta ixrac qiyməti 76 dollar olub. Bunu da nəzərə almaq lazımdır,” – deyə İlham Şaban bildirib.
Mehin Mehmanqızı