AZ

Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...


Paşinyan kilsəni zəiflətməsə seçkidə problemlə üzləşə bilər

Ermənistanda hökumətlə kilsə qarşıdurması davam edir. Ermənistanda siyasi hakimiyyət və kilsə arasında açıq qarşıdurma artıq gündəmin əsas mövzusudur.

Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan Respublikası bütün ermənilərin katolikosunun seçilməsində həlledici səsə malik olmalıdır: “Katolikos vəzifəsinə namizədlər dürüstlük yoxlamasından keçməlidirlər. Bu məsələ birdəfəlik həll olunmalıdır”.

Bundan başqa, Paşinyan hökumətin iclasında kilsədəki vəziyyəti tənqid edib. O, ən lazımsız əşyaların kilsələrdə saxlanıldığını vurğulayaraq deyib: “Kilsədən artıq mərmər lövhələr, sement torbaları, köhnə pas atmış armatur qırıqlarını saxlamaq yeri kimi istifadə olunur. İnsanlar kilsəyə niyə gedir? Gedir ki, ibadət eləsin, mənəvi təmasda olsun. Bu vaxtı kilsəyə daxil olursan, görürsən ki, bir tərəfə zibil səpələnib, haradasa kimsə köhnə, nimdaş paltarını, ayaqqabısını, kimsə də öz çarpayısını qoyub”.

O, kilsənin din, ibadətdən başqa hər şeylə məşğul olduğuna sətiraltı işarə edib. Baş nazir Ermənistandakı bütün kilsələri allahsızlıq, imansızlıq, dini müqəddəsləri təhqir etməkdə ittiham edib: “Nə qədər saxtakarlıq etmək, müqəddəs şeylər haqqında danışmaq və ateist olmaq, müqəddəslikləri tapdalamaq olar”.

Paşinyana müxalif olan və kilsənin mövqeyindən çıxış edənlər isə əks arqument qoymağa çalışırlar. Bəyan edirlər ki, katolikosun seçilməsində hökumət hansısa meyarlar müəyyən edə bilməz. “Hayastan” fraksiyasının keçmiş deputatı, hüquqşünas Aram Vardevanyan hesab edir ki, kilsə Paşinyana ləyaqətlə cavab verməlidir: “Erməni Apostol Kilsəsinin milli struktur kimi müstəsna statusunu təkcə bizim dəyərlər sistemimiz və tariximiz deyil, həm də Konstitusiyanın 2005-ci il nəşri diktə edir. Başqa sözlə, EAK-ın statusu həm mənəvi, həm də hüquqi baxımdan müstəsnadır”.

Bütövlükdə, Paşinyan hakimiyyəti ilə kilsə arasında ziddiyyətlər yeni deyil. Baxmayaraq ki, 2018-ci ilin aprelində Serj Sarkisyanın hakimiyyətinə qarşı keçirilən mitinqlərə kilsə də dəstək verirdi. O zaman keşişlər əlində xaç tutaraq anti-hökumət mitinqlərinə qatılırdılar. Ancaq Paşinyanın kilsə ilə həmrəyliyi çox çəkmədi. Paşinyan baş nazir olandan sonra kilsədə islahatların aparılmasını, kilsənin əlində olan böyük əmlakın vergiyə cəlb olunmasını, onun müəyyən hissəsinin dövlətin nəzarətinə verilməsini gündəmə gətirdi. Elə o zaman kilsə buna sərt etiraz etdi və tərəflər arasında münasibətlər pisləşdi. Çünki Paşinyan kilsənin əlində bir belə əmlakın, maliyyənin olmasını hakimiyyət üçün təhlükə hesab edir. 2020-ci ildə Azərbaycanın 44 günlük müharibədə qələbəsi, kilsə ilə Paşinyan hakimiyyəti arasında qarşıdurmanı daha da gücləndirdi. Çünki katolikos başda olmaqla erməni kilsəsi dini dəyərlərdən çox düşmənçilik, revanş mövqeyindən çıxış edir. Kilsə məğlubiyyətə görə məhz Paşinyanı günahlandırdı. Sadəcə, o zaman erməni ictimai rəyində Rusiyaya, revanşistlərə böyük nifrət olduğuna görə Paşinyanı devirə bilmədilər. 2021-ci ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərində Paşinyan qələbə çaldı. Kilsə düşmənçiliyi körüklədiyi üçün və xaricdəki erməni lobbisinə bağlı olduğu üçün qarşısına qoyduğu məqsədlərə çata bilmir. Çünki cəmiyyətdə böyük dəstəyi yoxdur. Bunun nəticəsi idi ki, keşiş Baqratın timsalında 2024-cü ilin mayında Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması ilə əlaqədar keçirilən kütləvi mitinqlərə ciddi ictimai dəstək olmadı. Çox keçmədi ki, bu hərəkat iflasa uğradı. Ona görə ki, erməni cəmiyyəti bilirdi ki, kilsənin bu fitnəkarlığının arxasında Rusiyapərəst qüvvələr dayanır.

Son günlər kilsə-hakimiyyət qarşıdurmasının Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən sonra baş verməsi təsadüfi deyil. Bu arada arxiyepiskop Baqrat Qalstayan iyunun 1-dən “müqəddəs mübarizə”yə başlayacaqlarının anonsunu verib. O, 3-4 aydır, bütün Ermənistan üzrə təşkilati iş apardıqlarını bildirib: “Biz insanları küçə mübarizəsinə, mülki itaətsizliyə hazırlamaq üçün böyük iş görmüşük. Buna son qoyacağımıza tam əminəm. 2026-cı ildə seçkilərin Vətəndaş Sazişi Partiyası olmadan keçirilməsi lazımdır”.

Baqratın timsalında müxalifətdə olan kilsənin yenidən fəallaşması, keçmiş prezident Robert Köçəryanın yeni komanda formalaşdırmaq cəhdləri Rusiyanın Ermənistanda rolunu artırmaq səylərindən xəbər verir. Ona görə də Paşinyan-kilsə münasibətlərinin kəskinləşməsi, qarşıdurmanın yeni mərhələyə keçməsi bunlarla əlaqəlidir. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyan yaxşı bilir ki, seçki kampaniyasında uğur əldə etməyin yolu kilsənin zərərsizləşdirilməsindən keçir. Köçəryanla Sarkisyan siyasi meyit olsalar da, onlar barəsində həm də cinayət işləri var. Onlar bu yolla sıradan çıxarıla bilər və bu üzdən onların varlığı Nikolu o qədər də narahat etmir. İndi Paşinyan üçün əsas məsələ kilsəni neytrallaşdırmaqdır. Əks təqdirdə kilsə Paşinyanın başına bəla ola bilər.

Vidadi ORDAHALLI

Seçilən
117
43
baki-xeber.com

9Mənbələr