BAKI, TurkicWorld
“Nüvə silahına sahib olmaq qəbuledilməzdir.”
TurkicWorld xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi Tehranda keçirilən tədbirdə çıxış edərək, ölkəsinin nüvə silahına sahib olmaq niyyətində olmadığını və bu məsələdə ABŞ-la ortaq mövqedə olduqlarını bildirib.
İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin vəfatının 36-cı ildönümünə həsr olunmuş mərasimdə danışan Arakçi, Xomeyninin İranın xarici siyasətinin memarı olduğunu vurğulayıb. Nazir qeyd edib ki, İranın "Nə Şərq, nə Qərb" prinsipi əsasında formalaşan siyasəti bu gün də davam etdirilir və xarici hökmranlığa qarşı çıxmaq bu siyasətin əsasını təşkil edir.
“Nüvə enerjisi və uranın zənginləşdirilməsi İran üçün həyati əhəmiyyət daşıyır. Ancaq danışıqlar zamanı əsas prioritetimiz xarici təzyiqlərin və hökmranlığın rəddidir. 'Zənginləşdirməməlisiniz' kimi ifadələr İran xalqının hüquqlarını məhdudlaşdırmaq cəhdidir” - deyə Arakçi bildirib.
“Bizim üçün nüvə silahına sahib olmaq qəbuledilməzdir və bu mövzuda qarşı tərəflə razıyıq. Lakin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) uyğun olaraq, dinc nüvə enerjisi əldə etmək hüququmuz tanınmalıdır” - deyə Arakçi əlavə edib.