AZ

Məktəblilər arasında artan cinayətlər: Qarşısını necə almaq olar?

Son dövrlərdə azyaşlılar arasında baş verən münaqişələrin faciəvi sonluqlarla nəticələnməsi cəmiyyəti narahat edən ciddi sosial problemə çevrilib.


Bu barədə sosioloq Elçin Bayramlı "Referans"a verdiyi müsahibədə ətraflı danışıb. Onun sözlərinə görə, məktəblilər arasında artan aqressiya və zorakı davranışlar ailə və məktəb tərbiyəsində yaranmış boşluqların nəticəsidir.

Sosioloq vurğulayıb ki, son 20-30 ildə uşaqların tərbiyəsi sahəsində vəziyyət ciddi şəkildə pisləşib. Sovet dövründə həm məktəblərdə, həm də ailələrdə tərbiyə işlərinə böyük önəm verilsə də, bu gün valideynlər uşaqları nəzarətsiz və sərbəst şəkildə böyütməyə üstünlük verirlər.

“Valideynlərin əksəriyyəti ‘azad böyüsün’ prinsipi ilə uşaqları nəzarətsiz qoyur. Uşaq bıçaq gəzdirir, internetdə aqressiv və psixoloji zərərli materiallara baxır, amma buna nəzarət edən yoxdur,” – deyə Elçin Bayramlı bildirib.


Mütəxəssis bu vəziyyəti təkcə valideynlərin deyil, həm də məktəb sistemindəki dəyişikliklərin nəticəsi hesab edir. Onun fikrincə, bu gün müəllimlərin tərbiyə işi ilə məşğul olmasına icazə verilmir, yalnız texniki təhsil funksiyası daşıyırlar. Nəticədə, şagirdlər məktəbdə də nəzarətsiz qalır.

“Məktəb təlim-tərbiyə ocağıdır, amma bu gün təhsil sistemi müəllimlərin tərbiyə ilə məşğul olmasını qadağan edir. Bu isə uşaqların davranış problemlərini dərinləşdirir.”
Elçin Bayramlı əlavə edib ki, sosial nəzarətin zəifləməsi də vəziyyəti daha da ağırlaşdırır. Əvvəllər qonşular, qohumlar uşağın pis hərəkətinə müdaxilə edirdisə, indi heç kim uşaqlara irad tutmur.

Digər bir vacib amil isə uşaqların asudə vaxtının düzgün təşkil olunmamasıdır. Sovet dövründə dövlət tərəfindən təmin edilən yaradıcılıq və idman mərkəzlərinin yerini bu gün yalnız pullu kurslar əvəz edib və bu da əksər ailələrin maddi imkanı xaricindədir.

“Uşaqlar asudə vaxtlarını küçədə və ya internetdə zərərli kontentlərə sərf edir, bu da onların psixologiyasını pozur. Nəticədə narkomaniya, aqressiya və kriminala meyillər artır.”


Sosioloq hesab edir ki, problemin aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir. Ən başlıcası, valideynlər övladlarının tərbiyəsinə daha ciddi yanaşmalı, dövlət isə məktəbdənkənar fəaliyyətlər üçün əlçatan və genişmiqyaslı mərkəzlər yaratmalıdır.

Gülgəz Qədirova
Referans  

Seçilən
38
15
referans.az

10Mənbələr