AZ

Xırdalanda dəhşətli mənzərə - Sakinlər küçəyə çıxmağa qorxurlar/FOTO 

Ətrafımızda elə problemlər var ki, vaxtında həll edilmədiyindən xroniki hala keçib. Hətta insanlarda o problemlərə qarşı immunitet yaranıb. Sahibsiz itlərin yaratdığı təhlükəli halın Abşeron rayonunun kəndlərində, xüsusilə Xırdalan şəhərində xroniki vəziyyətə keçdiyi kimi. Artıq şəhərin dar və tıxaclı yollarında hərəkət etməyə çalışan insanlar yolu sürü ilə gəzən itlərlə bölüşməyə alışıb.


x4


AAAF Park ərazisinin sakinləri bizimlə söhbət zamanı bildiriblər ki, yolun hər tərəfində yatan itlərin yanından nəfəslərini çəkib keçirlər. İtlər gah hürüb uşaqlara cumur, gah da heç bir reaksiya vermədən gəlib-keçəni seyr edir. Mütəxəssislər deyir ki, itlərin hürmə səbəblərindən biri də qarşısındakına xəbərdarlıq etməkdir. Yəni yüksək aqressiya ilə hürən itə yaxınlaşmaq məsləhət deyil. Belə vəziyyətdə gedəcəyi yolun düz üstündə, məktəblərin yaxınlığında, hətta marketlərin qapısının önündə “keşik çəkən” it sürüsünü görən sakin nə etməlidir? Onlar it sürülərinin qorxusundan uşaqlarını yaxın məsafədən də məktəbə tək buraxa bilmirlər.


Məktəblilərdən itləri görəndə qorxmamaq üçün nə etdiklərini soruşduq. Məlum oldu ki, uşaqların bəziləri yoldan keçən böyüklərin arxasınca düşüb gedirlər. İt görəndə valideyninə zəng edib onlardan biri ilə danışa-danışa qorxusuna qalib gələn, heyvana özünü məşğul göstərməklə çarə tapan uşaqlar da var. Beləcə, həll edilməyən problemin öhdəsindən sakinlər özləri gəlməyə çalışırlar. Amma atalarımızın “İtlə dostluq et, ancaq çomağı yerə qoyma” məsləhəti də var. Bu heyvanların nə zaman nə edəcəyini bilmək olmur. İtlərin arasında quduz, küləkli havada tüklərini ətrafa yayıb xəstəliyə səbəb olanlar var. Uşaq vaxtı it dişləməsindən qorxub əsəb xəstəliyinə tutulan insanlar da az deyil. Qısası, bu problem sivil ölkələrdə olduğu kimi həllini tapmalıdır. Sakinlərin sözlərinə görə, gündüzləri yaratdıqları qorxu bir yana, gecələri sürü ilə gəzib ulaşan itlərin səs-küyündən yatmaq olmur.


x3


Abşeron Rayon İcra Hakimiyyətindən TNS-ə bildirilib ki, itlərin belə çoxalmasının səbəblərindən biri də ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayona kütləvi axınıdır: “Araşdırmamız zamanı məlum olub ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayonumuza kütləvi axını var. Bakıdakı "Toplan" sahibsiz itlərə qayğı mərkəzi ilə problemin həlli istiqamətində təmas qurulub. Lakin onlar ancaq Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərdiklərini deyiblər. Sahibsiz itlərə qarşı istər hüquqi müstəvidə, istər hümanist davranma, istərsə də insanlıq dəyərləri nöqteyi-nəzərindən hər hansı radikal addımın atılması mümkün deyil. Bütün bunları nəzərə alaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub”.


Məlumatda o da bildirilib ki, artıq layihənin smeta xərcləri işlənilib, tikinti üçün də maliyyə vəsaiti ayrılıb, xidməti personal da təyin edilib. Hətta mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi də müəyyənləşdirilib.


Hazırda həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir və bu məqsədlə aidiyyəti qurumlara müraciət olunub.


İcra Hakimiyyətindən sənədləşmə işlərinin müəyyən zaman alacağı və bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə dərhal başlanılacağı qeyd olunub.


x2


Onu da qeyd edək ki, Xırdalanda bəzi binaların komendantları binanın həyətinə dadanan it sürülərini öz şəxsi tanışlıq imkanlarından istifadə etməklə, yığdırıb sahibsiz heyvanlar üçün nəzərdə tutulan sığınacaqlara təhvil verə biliblər. Yəni, istəyəndə bir yol tapmaq olurmuş.

Seçilən
839
8
oxu.az

10Mənbələr